Bakıda kirayə evlərin qiyməti artacaq — Bu tarixdə

GÜNDƏM 23 may 2025, 15:32
Bakıda qəzalı binaların sökülməsi kirayə mənzil bazarında qiymət artımına səbəb olacaq. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, mülkiyyət hüququndan imtina etmiş vətəndaşlar müvəqqəti olaraq kirayə bazarına üz tutacaqlar və bu, kirayə bazarında qiymət artımına səbəb olacaq:

“Bildiyimiz kimi, Bakı şəhərinin baş planına uyğun olaraq, şəhərin bir çox yerində qəzalı binaların söküntüsünə başlanılıb və vətəndaşlara müəyyən olunmuş məbləğdə, bazar dəyərinə uyğun şəkildə kompensasiya verilir, mənzillər onlardan alınır və binalar sökülür. Təbii ki, bu proses əmlak bazarında qiymət artımına səbəb olacaq. Digər tərəfdən, onların bir qismi alqı-satqı bazarına üz tutacaq ki, mənzil əldə etsin. Bu da bazarda tələbi artıracaq. Tələb artdığı zaman, təbii ki, qiymətlərin də artımı gözləniləndir”.

Vüqar Oruc onu da bildirib ki, təxminən 6 min vətəndaşın daşınmaz əmlak bazarına müraciət etməsi gözlənilir:



“Bu, çox ciddi rəqəmdir və qiymətlərin 2025-ci ildə artmasına gətirib çıxaracaq. Həmçinin bu proses təkcə hazırda nəzərdə tutulan 194 binanı əhatə etməyəcək, bu, davamlı proses olacaq və təkcə Bakı şəhəri ilə yekunlaşmayacaq, bölgələrdə də baş tutacaq. İlkin mərhələdə 1920–1930-cu illərdə tikilmiş 1, 2 və 3 mərtəbəli binaların söküntüsü başlayacaq. Ondan sonra 1930–50-ci illər aralığında inşa olunan binalar söküləcək. 

Ucuz mənzillərin daha çox köhnə binalardakı mənzillər olduğunu nəzərə alsaq, həmin binalar söküləndən sonra ucuz qiymətli təkliflərin sayı azalacaq və qiymətlərdə artım baş verəcək. Ümumiyyətlə, bu il Bakı şəhərində qiymətlərin 15–20 faiz artımını proqnozlaşdırmışıq. Əgər söküntü prosesi sürətlə davam etsə, bu rəqəmin artması da mümkündür”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top