"Təkcə qadağalarla problem həll olmur" — Sosioloq

GÜNDƏM 23 may 2025, 18:51
Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib. Bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.

Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb.

Sosioloq Yusif Nəbiyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, sırf irəli sürülən bu iddianın həqiqəti nə dərəcədə əks etdirdiyi sual altındadır:

“Həqiqəti öyrənmək üçün bu barədə rəsmi qurumların açıqlamalarını gözləməkdən başqa yolumuz yoxdur. Amma bu kimi şeyləri ilk dəfə deyil ki, eşidirik. Belə hadisələr cəmiyyətin sistemik zəifliklərinin, boşluqlarının bariz nəticəsidir. Çünki bir uşaq küçədə tanımadığı biri tərəfindən zəhərlənə bilirsə, demək ki, ortada təkcə fərdi məsuliyyətsizlik yox, kollektiv təhlükəsizlik iflası var.  Belə hallar göstərir ki, "narkomaniya ilə mübarizə" adı altında aparılan təbliğatlar əksər vaxt kağız üzərində, divarlarda, afişalarda qalır. Təkcə qadağalarla, profilaktik söhbətlərə problem həll olunmur. Köklü həll üçün fransız sosioloqu Pyer Burdiyönün deyimi ilə desək, oturuşmuş sosial kapitala ehtiyac var. Cəmiyyətdə insanlar arasında qarşılıqlı güvən, dəstək və nəzarət olmalıdır. Lakin bizdə küçələrdə "nəzarət edən" əsasən ya qorxmuş valideynlərdir, ya da kameralar. Belə nəzarət boşluğu fonunda isə uşaqlar təhlükəyə açıq qalırlar”. 

Sosioloq əlavə edib ki, o baxımdan, bir neçə istiqamətdə real addımlar atılmalıdır ki, nəzərəçarpan dərəcədə müsbət dəyişiklik əldə olunsun: 

“İlk növbədə, təhsil prosesində narkotiklər, zorakılıq halları və şəxsi sərhədlər haqqında dərslər olmalıdır. Uşaqlar həm hüquqi, həm də psixoloji cəhətdən minimal da olsa lazımi biliklərlə silahlanmalıdırlar. Və bu maariflənmə prosesi uşaqlarla sərhədli qalmamalıdır. Paralel olaraq valideynlər də maarifləndirilməlidir. "Yaxşı valideyn" olmaq təkcə uşağı geyindirmək və yedirtməkdən ibarət deyil. Onun dünyanı necə qavradığını izləmək, dost çevrəsini tanımaq və lazımi psixoloji dəstəyi göstərmək də bir o qədər vacibdir.  Digər önəmli bir amil isə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsidir. Məhəllələrdə, məktəb ətraflarında sosial nəzarət mexanizmləri qurulmalı, uşaqlar yalnız dövlətin deyil, cəmiyyətin də himayəsində olmalıdır. Misal üçün, məktəb psixoloqu və sosial işçi tandemi yaradılmalı, məktəblərdə yalnız təhsil yox, şagirdlərin gündəlik sosial təhlükəsizliyi də izlənməlidir. Müəllimlər məlumatlandırılmalı, vəzifələrinin təkcə dərs keçmək yox, eyni zamanda uşaqlardakı davranış dəyişikliklərini də izləmək və valideynlərə bildirmək olduğu onlara yaxşıca aşılanmalıdır”. 

Sosioloq deyib ki, məktəb və bağçaların valideyn komitələri formal yox, fəal struktur olaraq fəaliyyət göstərməlidir:

“Məktəbin və ya bağçanın həyətinə kimin girib-çıxdığına onlar da nəzarət edə bilməlidirlər. Yaxşı olardı ki, məktəb və bağçalarda "Dost Polis" (və ya digər adla adlandırılmış) uşaq dostu polis modeli formalaşdırılsın. Bu polislər xüsusi təlimlərdən keçsinlər, uşaqlarla işləməyi bacarsınlar. Uşaqların gözündə asan-kəsən yox, tanınan, əlçatan, qoruyucu bir obraz olsunlar. 

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top