“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” — Konfrans

SOSİAL 23 may 2025, 21:22
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda IV respublika elmi konfransı keçirilib.

MEK-dən Demokrat.az-a bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransı açaraq 100 illik yubileyini qeyd edən Mərkəzi Elmi Kitabxananın fəaliyyətini yüksək qiymətləndirib.

Akademik vurğulayıb ki, bu gün kitabxananın fəaliyyətində əsas istiqamət “Elektron kitabxana” konsepsiyası çərçivəsində oxuculara müasir xidmət modelinin hazırlanıb tətbiq edilməsidir. Akademik son dövrlərdə bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib. Vurğulanıb ki, kitabxana fondunda mövcud olan nəşrlərin elektron nüsxələrinin hazırlanması sahəsində ciddi irəliləyiş əldə olunub, oxuculara ikinövbəli iş rejimində xidmət göstərilir və yenilənmiş veb-sayt vasitəsilə dünya kitabxanalarına birbaşa çıxış təmin edilir.

AMEA rəhbəri diqqətə çatdırıb ki, dünyada baş verən sürətli texnoloji dəyişikliklər kitabxanaların funksiyalarını yenidən müəyyənləşdirir. Bu baxımdan, “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda konfrans olduqca əhəmiyyətli və aktualdır.

Akademik qeyd edib ki, bu gün cəmiyyətin bütün sahələrində yeni texnologiyaların tətbiqi, rəqəmsallaşma və süni intellekt imkanları geniş şəkildə müzakirə olunur. Müasir dövrdə kitabxana artıq yalnız kitabların saxlandığı məkan deyil, həm də rəqəmsal informasiya platforması, elmi araşdırma mərkəzi və innovativ biliklərin ötürücüsünə çevrilir. AMEA Rəyasət Heyəti tərəfindən Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı qərar qəbul olunub və bu münasibətlə müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Konfransda, həmçinin YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov çıxış ediblər.

Plenar iclasda MEK-in əməkdaşı Şəfəq Əliyeva kitabxananın yaranma tarixindən, 100 il ərzində keçdiyi şərəfli inkişaf yolundan, indiki fəaliyyətindən, beynəlxalq elmi qurumlarla əlaqələrindən danışıb.
Sonda çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bir əsrlik tarixə malik AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə yeni binasının açılışının baş tutduğunu və bu hadisənin dövlətin elmə, kitaba, kitabxanaya verdiyi xüsusi diqqətin təcəssümü olduğunu vurğulayıb. Çıxışı zamanı H.Hüseynov sayca dördüncü dəfə keçirilən konfransa xüsusi marağın olduğunu, təxminən 150-yə yaxın tezisin qəbul edildiyini vurğulayıb.

Direktor son bir ildə kitabxananın elektronlaşması istiqamətində atılan mühüm addımlardan, o cümlədən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrdən də danışıb.

Konfrans işini “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”, “Rəqəmsal kitabxanaların formalaşdırılması və idarə olunması”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Kitabxanalarda istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalar”, “İnteraktiv multimedia və rəqəmsal sərgilərin təşkili” bölmələri üzrə davam etdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top