“AzİnTeleCom”un tenderlərini udan “İnnovativ Layihələr Mərkəzi”: Ruslan Abbasov kimdir?

SOSİAL 23 may 2025, 16:35
“Azerbaijan İnternational Telecom” MMC (AZINTELECOM) süni intellekt laboratoriyasının qurulması məqsədilə avadanlıq və lisenziyaların satın alınmasını həyata keçirəcək.

Demokrat.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bununla əlaqədar tender başa çatıb və nəticələri açıqlanıb.

Məlum olub ki, sözügedən qurum qeyd edilən işləri reallaşdırmaq üçün “İNNOVATİV LAYİHƏLƏR MƏRKƏZİ” QSC ilə anlaşıb. Tərəflər arasında 6 milyon 977 min 321 manatlıq satınalma müqaviləsi imzalanıb.

Bu əsnada, “Azerbaijan İnternational Telecom” MMC (AZINTELECOM) ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) Strategiyasının Qiymətləndirilməsi və İnkişaf Planının Hazırlanması Xidmətlərini də almaq üçün başqa bir tender keçirib. Bu işləri isə “ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ.” şirkətinin Azərbaycandakı filialı həyata keçirəcək. Layihənin dəyəri isə 81 min 774 manatdır.

Məlum olub ki, “İNNOVATİV LAYİHƏLƏR MƏRKƏZİ” QSC son bir ildə 6 tenderin qalibi olub. Təəccüblüsü odur ki, qalibi olduğu bütün tenderlər “Azerbaijan İnternational Telecom” MMC-yə məxsus olub. Həmin tenderlərin ümumi dəyəri isə 3 milyon 96 min manat təşkil edib.

Görünən odur ki, “İNNOVATİV LAYİHƏLƏR MƏRKƏZİ” QSC ilə AzİnTeleCom  arasında ya hansısa bağlılıq var, ya da hansısa anlaşma mövcuddur. Eyni zamanda, bu o şübhənin də yaranmasına səbəb olur ki, şirkət dövlət qurumunun tenderləri üçün yaradılıb. Əks təqdirdə, yalnız bir qurumun tenderlərinin qalibi olmaq təsadüfi oila bilməz.

Qeyd edək ki,“AzInTelekom”un İdarə Heyətinin sədri Elxan Əzizovdur. Bəs, “İnnovativ Layihələr Mərkəzi” QSC kimə məxsusdur? Açıq mənbələrdən məlum olur ki, “İnnovativ Layihələr Mərkəzi” QSC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Abbasov Mətləb oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı, ev 37 ünvanında yerləşir.

Qarşı tərəfləri dinləməyə hazırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top