Yalan danışan adamların ətrafı həmişə qələbəlik olur. Yalansız yaşayanlarsa, təkdir. Özü kimisini tapıb yoldaşlıq etməsi nadir hallarda baş verir. Yalan kütləviliyi, həqiqət tənhalığı sevir.
Yaxından tanıdığım bir şəxslə bu mövzuda həmsöhbət olduq. Bir yalan onun həyatını dəyişmişdi. Özü də müsbət istiqamətdə. Qarşılaşdığı yalan ona elə bir həyat dərsi vermişdi ki... Qısaca desək, bu fakt onu gücləndirmişdi.
Amma axı həmişə belə olmur. Bəzən biz yalanı o qədər sevirik ki, özümüzə yalanlar deyib ona inanmağa başlayırıq. Əgər bir insanın yalanı bizim hisslərimizə uyğun gəlirsə, onu həqiqət kimi qəbul edirik. Psixologiyamız mürəkkəbdir. İnsan zehni əvvəlcədən inandığı şeyləri dəstəkləyən məlumatları qəbul edir, fərqi yoxdur o yalandır, ya həqiqət.
Yadınızdadır, psixoloqlarımızdan biri emosional ehtiyac haqda danışmışdı, gündəm olmuşdu. Biz bunu zarafata çevirdik. Amma həqiqətən də bəzən insan ona xoş gələn ifadələrə o qədər güclü ehtiyac hiss edir ki... Emosional duyğu söylənən yalanı qəbul etməyə məcbur edir. İnsan zehnində “O adam pis ola bilməz” kimi bir inam yaranır. Yalan bizə daha gözəl və cazibədar görünür. O “hazır məhsul” kimidir: sadəcə qəbul edirsən və rahatlıq tapırsan. Həqiqətin narahatedici üzü ilə qarşılaşmaq bizə mənasız görünür.
Bunu əksər hallarda bilərək edirik. Yalana emosional şəkildə bağlanmaq, özünü onun içində görmək xəstəlik formasına qədər irəliləyə bilir. Bu vəziyyətdə məsələ yalanda yox, yalanın içindəki “bizim üçün mənalı olan” şeydədir. İnsan bir yalanın içində öz ümidlərini, arzularını, gələcək planlarını “böyüdür”. Sonra o yalan ifşa olanda, sadəcə bir yalan yox, bir dünya dağılır. Amma o yenə ayılmır. Bunu qəbul etməmək üçün yalana yapışır, çünki həqiqət çox ağrılıdır. İnsan bir zərbəni qəbul etməyə hazır olmayanda, inkar edir, faktları görməzdən gəlir, izah axtarır, yalanı haqlı çıxarmağa çalışır. Yalanı görmək istəmirik, çünki onu görmək, bizi dəyişməyə məcbur edər. Həqiqət tələbkardır. O, səni oyadar, silkələyər, dəyişdirər. Yalan isə səni yuxuda saxlayar.
İnsan psixikası bir güzgü kimidir. Biz başqasını seyr edərkən əslində özümüzə baxırıq. Lakin, dərs almaq ağlımıza da gəlmir.
Yalan üzə çıxan anda reallıq dağılır. Amma o dağıntı birdən baş vermir. Əvvəlcə şüur susur. Beyin hər şeyi bilir, amma ruh inkar edir. Deyirik ki, “hələlik belə yaxşıdır.” Bu, şüurun müqavimətidir. Və bu müqavimət uzun çəkdikcə, zərbə daha sərt, sağalmaq isə daha çətin olur. Çünki aldadılmaq yox, özünü aldatmaq insana daha dərindən toxunur.
Ən çətin, amma ilk addım budur: həqiqəti öz içində tam qəbul etmək. Bəzən bunu etdiyimizi düşünürük, amma içimizdə hələ də “bəlkə o düz deyir”, “bəlkə dəyişər” kimi ümid qalıqları qalır. O ümidlər bizi yalana bağlayan zəncirlərdir.
Özünə səmimi olmaq şəfanın başlanğıcıdır. Çoxu “güclü olmaq” adı ilə hisslərini basdırır. Amma hisslər yaşanmadıqca sağalmır. Ağlamaq, yazmaq, danışmaq, dua etmək... Bu yollarla içindəki acını tanımaq və ifadə etmək vacibdir. Bu, sənin zəif olduğunu deyil, insan olduğunu göstərir. Əslində isə içimizdə bir səs var - deyir ki, “nəsə düz deyil”.
Amma unutmayaq həqiqət hər zaman sonda gəlir, təkbaşına və bütün yalanları güzgüdə göstərir: istəsək də, istəməsək də. O gecikə bilər, amma gəlir. Gəlir və səni azad edir.
Sağalmaq - o güzgünün qırıq parçalarını yenidən yığmaq deyil, yeni bir güzgü düzəltməkdir.
Fəlsəfə buradadır: yalanı başqası danışsa da, onun təsiri sənin içində yaranır. Deməli, sağalma da kənarda yox, içəridə başlayır. (Yenisabah.az)