Əri tərəfindən şiddət görən qadın: “Onu bağışlamaq niyyətim yoxdur”

KRİMİNAL 19 may 2025, 19:16
Bakının Xəzər rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ər-arvadın birgə yaşadı evdə baş verib. Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Əlvan həyat yoldaşı Könül ilə aralarında baş vermiş mübahisə zəminində yumruq ilə bədəninin müxtəlif nahiyyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü günorta vaxtı yaşadıqları evə gəlib: “Lakin evə
gələn zaman spirtli içki qəbul etdiyimdən sərxoş olmuşdum. Evdə olan zaman balaca oğlum ilə aramızda sözlü mübahisə oldu. Övladımın üzərinə getmək istəyərkən arvadım aramıza girdi. Bu zaman onu əllərim ilə kənara itələdim. Həmin zaman arvadımı vurmamışam, ona xəsarət yetirməmişəm. Ola bilər ki, onu itələdiyim zaman xəsarət yetirmişəm. Dediyim kimi, həmin günü içkili olduğumdan baş vermiş hadisəni tam xatırlamıram. Hadisə vaxtı yumruqla evin qapısının şüşəsinə vuraraq sındırmışam. Hazırda  əməlimdən peşmanam. Arvadım ilə aramızda çox vaxt mübahisələr baş verir. Çünki, arvadım qızım və oğlum ilə birləşərək məni evdən çıxarmaq istəyirlər. Evdə artıq mənə balaca bir ərazi ayrılıb və orada yatıram”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, əri Əlvan yaşadıqları evə sərxoş halda gəldiyindən ona iradını bildirib: “Çünki, Əlvan ilə öncəki günlərdə də, evə içkili vəziyyətdə gəlməsi səbəbindən aramızda mübahisələri baş vermişdi. Sonuncu “əcəb edib içirəm” deyərək, mənim baş nahiyyəmə yumruq zərbəsi endirdi və zərbə nəticəsində xəsarət aldım. Əlvan sakitləşməyərək, evin içərisində olan qapının şüşəsinidə vuraraq sındırdı. Artıq onun hərəkətləri dözülməz hal alıb. Onun hərəkətləri barədə qayınanama da məlumat vermişəm. Artıq onlar da onun hərəkətlərindən beziblər.  Yaşadığımız evi atam sağlığında alaraq mənə hədiyyə edib. Əlvan hadisə baş verəndən sonra yenə sakitləşmədi, həmin hərəkətlərini davam etdirdi. Məni yenə də döyüb. Artıq onu bağışlamaq niyyətim yoxdur”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əlvan 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat  07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək  vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top