Güzdəkdə ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 02 oktyabr 2025, 21:46
Abşeron rayonunda 1981-ci il təvəllüdlü Qubad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xalidəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 4-də rayonunun Güzdək qəsəbəsində baş verib. Qubad həmin gün saat 18 radələrində çobanlıq fəaliyyəti ilə məşğul olmaqla ailə üzvləri ilə bərabər yaşadığı Eldarın istifadəsində olan heyvan fermasının həyətyanı sahəsindəki fərdi yaşayış evində arvadı Xalidə ilə inəkdən süd sağmaqla bağlı aralarında yaranmış fikir ayrılığı səbəbindən ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib. 

Qubad həmin mübahisə əsnasında arvadının üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub. 

Hadisəni törədən Qubadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə həyatı qurub, 2019-cü ildə rəsmi nikaha daxil olub: “Bu münasibətdən bizim dörd azyaşlı övladımız var. Xalidədən əvvəl mən Esmira ilə ailəli olmuşam və həmin nikahdan beş övladım var. Esmiradan 2013-cü ildə rəsmi qaydada boşanmışam. Hazırda Xalidə ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Eldara məxsus fermada fərdi olaraq çoban kimi işləyirəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 4-də, saat 18 radələrində fermanın həyətində yerləşən yaşadıqları evdə olarkən arvadına inəkləri sağmasının lazım olduğunu deyib: “Bu zaman Xalidə gileyli halda bir neçə dəqiqə keçdikdən sonra vedrə götürərək inəyi sağmaq üçün evdən həyətə çıxdı. Sonra evə qayıdıb inəklərin ondan əvvəl ilk nikahdan olan qızı Fəridə tərəfindən sağıldığını söylədi. Mən də bununla bağlı Fəridəyə inəkləri sağarkən kömək etmədiyi üçün Xalidəyə sözlə iradımı bildirdim. Bu səbəbdən onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək Xalidənin üzərinə getdim, əl və yumruq zərbələri ilə qəsdən onun baş, qol, ayaq və bədəninin müxtəlif nahiyələrinə vurdum. Bundan sonra Xalidənin yanından aralandım və fermaya getdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Qubada 8 ay müddətinə azadlığın  məhdudlaşdrılması növündə cəza təyin edilib.

Təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməsi tapşırılıb. Onun üzərində yaşayış yeri olan  Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək  vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi vəzifəsi qoyulub. 

Bundan başqa, cəza çəkmə müddətində Abşeron rayonu ərazisi hüdudlarını tərk etməsi qadağan olunub. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə  cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 19:58
02 oktyabr 2025, 19:45
Top