Göyçayda olay: 58 yaşlı kişi arvadına qarşı... — TƏFƏRRÜAT

KRİMİNAL 02 oktyabr 2025, 16:36
Göyçay rayonunda 58 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 11-də rayonun kəndlərindən birində baş verib. 1967-ci il təvəllüdlü Əfqan həmin gün  saat 8 radələrində arvadı Elmira (adlar şərtidir – red.) ilə birgə yaşadıqları evdə olarkən mübahisə edib. 

Aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadının ağız nahiyəsini hər iki əlinin barmaqları ilə kənarlara doğru qəsdən dartaraq, ona hər iki ağız bucağı nahiyəsində cırılmış yaraları formasında xəsarət yetirib. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elmira ilə 28 ildir evlidirlər və 4 uşaqları var: “Fevralın 11-də, səhər saat 8 radələrində arvadımın yaşadığımız evdə qutab bişirməyə başladığını gördüm.

Sonra arvadıma qutabı indi bişirməməsini, dəyirmana getdiyimi, nahar vaxtına geri qayıdacağımı bildirdim. Qutabı nahara bişirməsini, isti halda yemək istədiyini söylədim. Lakin arvadım mənimlə razılaşmayaraq öz bildiyini edəcəyini dedi. Bu səbəbdən aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı arvadımı əllərim ilə sinəsindən geriyə itələdim. Hər iki əlimin barmaqlarını ağzına salaraq ağzını cırmağa başladım. Arvadım əlimdən qaçaraq getdi”. 

İş üzrə zərərçəkmiş Elmiranın sözlərinə görə, əri Əfqan yuxudan oyanaraq qutab bişirməyə hazırlaşdığını görüb: “Ərim “qutabı mənim acığıma bişirirsən” deyərək mənimlə əvvəlcə sözlü mübahisə etməyə başladı. Həmin vaxt Əfqana səhərdən axşama kimi evdə yatdığını, heç bir işlə məşğul olmadığını və evdə yeməyə başqa heç nə olmadığını dedim. Bu səbəbdən məcbur qalaraq qutab bişirdiyimi bildirdim. Əfqan məni söyüb təhqir edərək üzərimə gəldi. Dedi ki, sənin ağzını cıracam. Sonra məni itələdi. Bu zaman mən yerə yıxıldım. Sonra isə hər iki əlinin barmaqlarını ağzıma salaraq ağzımı cırmağa başladı. Sonra birtəhər güclə Əfqanın əlindən çıxdım. Evi tərk edərək polisə müraciət etmək üçün yola düşdüm”.

Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 360 saat ictimai işlər cəzası təyin edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top