Polşanın Krakov şəhərində baş verən silahlı hücumdan sonra ölkənin Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Bürosu (CBZC) beş nəfəri saxlayıb. Onların internetdəki fəaliyyəti potensial təhlükə mənbəyi kimi qiymətləndirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər və İnzibati İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçka məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslər noyabrın 7-dən 9-dək ölkənin müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı müəyyən ediliblər.
Araşdırma zamanı həmin şəxslərin Krakovda törədilən hücumu təqdir edən və hadisəni tərifləyən paylaşımlar etdiyi aşkarlanıb. Hüquq-mühafizə orqanları onların hücumun mümkün təqlidçiləri ola biləcəyini istisna etmir.
Qeyd edək ki, noyabrın 7-də Krakovun mərkəzi meydanında 24 yaşlı şəxs avtomobillə insanların üzərinə hərəkət etdikdən sonra atəş açıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb. Hücum edən şəxs də polis tərəfindən yaralanaraq saxlanılıb, noyabrın 9-da xəstəxanada dünyasını dəyişib.
Polşa polisi və xüsusi xidmət orqanları internetdə oxşar hücumlara çağırış və təhlükə yarada biləcək paylaşımları izləməyə davam edir.


