Hatayın Hassa rayonunda yağan yağışlardan sonra çoxalan ilbizlər sakinlərə çətin anlar yaşadıb.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bintaş məhəlləsində yayılan ilbizlər tərəvəz bağlarına, evlərin divarlarına və hətta yaşayış evlərinin içərisinə qədər daxil olub.
Məlumata görə, ilbizlər xüsusilə kələm və lobya kimi tərəvəzlərə zərər vurub. Nəticədə bəzi sakinlər yetişdirdikləri məhsulları yığışdırmaq məcburiyyətində qalıblar.
Məhəllədə 8 evin ilbizlərin təsirinə məruz qaldığı bildirilir. Sakinlər onlarla mübarizə aparmaq üçün evlərin ətrafına duz və dərman tökürlər.
Məhəllə sakinlərindən Miyasa Çalışır bildirib ki, ilbizlər yalnız bağlarda deyil, evlərin içərisində də görünür.
Digər sakin Emine Okur isə ilbizlərin tərəvəzlərə ciddi ziyan vurduğunu, hətta yetişdirdiyi lobya və digər məhsulları yığışdırmaq məcburiyyətində qaldığını deyib.


