YapiKredi Müraciət Forması
Dünya

Almaniyada ilk dəfə qadın prezident ola bilər

Almaniyada ilk dəfə qadın prezident ola bilər

Almaniya Kansleri Fridrix Merts hakim Xristian Demokrat İttifaqının (XDİ) 61 yaşlı Bavariya Landtaqının sədri İlze Aiqneri Almaniya prezidenti vəzifəsinə namizəd göstərdiyini açıqlayıb.

Demokrat.az "Der Spiegel" nəşrinə istinadən xəbər verir ki, onun namizədliyini artıq hakim koalisiyaya daxil olan Sosial Demokrat Partiyası (SDP) və "Birlik 90/Yaşıllar" partiyası da dəstəkləyib.

Almaniyada prezident seçkiləri 2027-ci il yanvarın 30-da keçirilməlidir. Dövlət başçısı bu məqsədlə xüsusi olaraq toplanan Federal Məclis tərəfindən seçilir. Məclis Bundestaqın bütün deputatlarından, eləcə də 16 federal torpağın yerli parlamentləri tərəfindən göndərilən, deputatların sayına bərabər sayda nümayəndədən ibarətdir.

Almaniya mediasının yazdığına görə, Aiqner artıq kifayət qədər dəstək qazanıb. Onun prezident seçiləcəyi təqdirdə, Almaniya Federativ Respublikasının 78 illik tarixində və bu vəzifədə 12 kişinin çalışmasından sonra ilk dəfə ölkəyə qadın prezident rəhbərlik edəcək. Bundan əlavə, ilk dəfə Bavariyanın Xristian-Sosial İttifaqı partiyasının nümayəndəsi bu vəzifəni tutacaq.

Berlin Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Dmitri Stratiyevski "The Insider" nəşrinə açıqlamasında Aiqnerin namizədliyinin irəli sürülməsində üç amilin rol oynadığını bildirib.

Ekspertin sözlərinə görə, birincisi, Aiqner cəmiyyətin geniş təbəqələri arasında dəstəyə malikdir, siyasi intriqalarla məşğul olan şəxs kimi tanınmır və birləşdirici fiqur reputasiyasına sahibdir.

İkinci amil Almaniyanın müxtəlif siyasi qruplarında prezident vəzifəsinə məhz qadının seçilməsi zərurətinin fəal müzakirə olunmasıdır.

Üçüncü amil isə onun peşə təhsili ilə bağlıdır. Aiqner ixtisasca televiziya avadanlıqlarının sazlanması üzrə mühəndisdir və elektrik texniki kimi çalışıb. Ali təhsili yoxdur. Ekspert qeyd edib ki, tanınmış siyasətçilərin böyük əksəriyyəti hüquq və ya politologiya kimi sahələrdə universitet təhsili alsa da, Aiqner "xalqın namizədi" kimi çıxış edir.

Ekspert əlavə edib ki, Almaniya siyasətində prezident vəzifəsi ikinci dərəcəli hesab edilsə də, dövlət başçısının ölkə siyasətinə təsir göstərmək üçün müxtəlif imkanları var. Buna görə də bu vəzifəni kimin tutması mühüm əhəmiyyət daşıyır. (modern.az)