YapiKredi Müraciət Forması
Dünya

Zelenskinin müşavirinin qardaşının Rusiya ilə əlaqələri üzə çıxdı

Zelenskinin müşavirinin qardaşının Rusiya ilə əlaqələri üzə çıxdı

Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Mixail Podolyakın böyük qardaşı Vladimir Podolyakın Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşərkən həlak olduğu məlum olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Killed in Ukraine" (KIU) adlı araşdırma layihəsi məlumat yayıb.

Layihənin məlumatına görə, 59 yaşlı Vladimir Podolyak 2024-cü il mayın 19-da Zaporojye vilayətinin müvəqqəti işğal altında olan Kirillovka qəsəbəsində həyatını itirib. Bu barədə məlumatlar Rusiyanın Dövlət Statistika Xidmətinin sızdırılmış məlumatları əsasında üzə çıxarılıb.

Sənədlərdə onun ölüm səbəbi döyüş əməliyyatları zamanı aldığı kəllədaxili travma kimi göstərilib. Vladimir Podolyakın Rusiya ordusunda polkovnik rütbəsində xidmət etdiyi, hərbi kəşfiyyatla bağlı mükafatlar aldığı bildirilir.

Qeyd edək ki, araşdırmaçılar onun məzarını hələ 2024-cü ilin iyununda aşkarlayıblar. Lakin ölümünün təfərrüatları indiyədək məlum olmayıb.

Mixail Podolyak daha əvvəl qardaşının Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğunu təsdiqləsə də, onun 2021-ci ildə hərbi xidmətdən təqaüdə çıxdığını bildirmişdi. O, qardaşının ölümü ilə bağlı hələlik açıqlama verməyib.