Günəşdə müşahidə olunan partlayışların intensivliyi yüksək olaraq qalır. Təkcə ötən şənbə və bazar günləri ərzində 57 partlayış baş verib. Noyabrın 9-da isə ilk səkkiz saat ərzində daha 10 belə hadisə qeydə alınıb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, noyabrın 7-də Günəşdə 29, noyabrın 8-də isə 28 partlayış qeydə alınıb. Şənbə günü baş verən hadisələrin sayı XXI əsr üçün rekord göstəricilərdən birini təkrarlayıb.
Alimlər bildirirlər ki, noyabrın 9-da da partlayışlar eyni templə davam edir. Günün ilk səkkiz saatında qeydə alınan 10 hadisə sutka ərzində bu rəqəmin 30-a çata biləcəyini göstərir.
Partlayışların hamısı Günəşin Yerə tərəf yönələn hissəsində yerləşən 4566 nömrəli aktiv bölgədə baş verir. Mütəxəssislər Günəşdəki aktivliyin yaxın günlərdə də davam edə biləcəyini istisna etmirlər.


