Kişi ögey bacısı ilə intim münasibətdə olan həmkəndlisini güllələdi

KRİMİNAL 21 aprel 2025, 19:30
İmişli rayonunda 1966-cı il təvəllüdlü Xəlil qısqanclıq zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vəfadarı (adlar şərtidir – red.) öldürməyə cəhd edib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, İmişli rayon sakini Xəlil 25 may 2021-ci ildə, saat 23:40-da yaşadığı İmişli rayonunun kəndindəki evin qarşısında yerləşən ögey bacısı Fatimənin yaşadığı evə sonuncu ilə gizli olaraq görüşmək məqsədilə pəncərədən daxil olmuş həmkəndlisi Vəfadarın evin giriş qapısından çıxaraq darvazadan küçəyə qaçdığını görüb. 

Xəlil Vəfadarı qısqanclıq zəminində qəsdən öldürmək məqsədilə evdən götürdüyü özünəməxsus ov tüfənginin patrondaşına bir ədəd 12 kalibrli patron qoyub və Vəfadarın arxasınca qaçıb. O, küçədə ov tüfəngi ilə Vəfadarın istiqamətində qəsdən onu öldürmək məqsədilə bir dəfə atəş açıb. 

Həmin vaxt Vəfadar aldığı güllə yarasında bədən xəsarətləri alıb. Xəlil Vəfadarın hadisə yerindən qaçaraq uzaqlaşdığını görüb və ona çata bilməyəcəyini başa düşüb. O, cinayətkar niyyətini başa çatdırmaq məqsədilə yaşadığı evin həyətinə qayıdıb və özünəməxsus “Mercedes-Benz” markalı avtomobili idarə edərək kənd ərazisində Vəfadarı axtarıb.Lakin Vəfadar hadisə yerindən qaçıb uzaqlaşaraq kənd ərazisindəki arxın yanında olan ağaclıqda gizləndiyindən, daha sonra isə təhlükə olmadığını görərək gizləndiyi yerdən çıxaraq həmkəndlisinin idarə etdiyi avtomobillə İmişli rayon Mərkəzi Xəstəxanasına, oradan isə təcili-tibbi yardım avtomobili ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib. 

Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəlil 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Onlar birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayıblar. 

Apellyasiya şikayətində göstərilib ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilməyib, hadisə qısqanclıq zəminində baş verib, o cümlədən zərərçəkmis şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında və bu hərəkətlər nəticəsində qəflətən bas vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilib. “Həmçinin təqsirləndirilən şəxs könüllü təqsirini boynuna alıb, cinayətin açılmasına fəal kömək edib, bununla belə, cinayətin törədilməsindən sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcud olub. Həmçinin zərərçəkmis şəxslə barışıq əldə edilib, zərərçəkmis şəxsin də təqsirləndirilən şəxs barəsində heç bir şikayəti, iddiası və tələbi olmayıb. Onlar barışıblar” – deyə şikayətdə qeyd olunub.

Apellyasiya şikkayətinin müəllifi təqsirləndirilən şəxsin barəsində olan ittiham üzrə daha yüngül cəza verilməsini xahiş edib. 

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. 

Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər. Daha yuxarı instansiya məhkəməsində işə baxan hakimlər heyəti sonda qərar elan ediblər. 

Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən kasasiya şikayəti təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 21:13
Top