Ağdamda 18 yaşlı oğlan söyüş üstündə tanışını bıçaqladı

KRİMİNAL 10 aprel 2025, 19:22
Ağdam rayonunda 2007-ci il təvəllüdlü Şəhriyar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Cəmaləddinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 avqust 2024-cü ildə Ağdam rayonunun İmamqulubəyli kəndində baş verib. Şəhriyar həmin gün saat 01:00-da kəndin girəcəyində Tərtər-Hindarx avtomobil yolunun həmin kənddən keçən hissəsində yolun kənarında meyvə-tərəvəz məhsullarının səyyari satışı ilə məşğul olduğu yerin qarşısında tanışı Cəmaləddinin onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbi ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı səyyari satış yerinin taxtadan olan rəfindən götürdüyü bıçaqla onu vurub. 

Hadisəni törədən Şəhriyarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhriyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisədən əvvəl Cəmaləddin onu yolu kənarında görüb, maşını saxlayıb: “Dedi ki, kafeyə gedib söhbətləşək. Getmək istəmədiyimi bildirsəm də, 20-30 dəqiqə təkidlə xahiş etdi. Daha sonra bununla razılaşaraq birlikdə kafeyə getdik. Cəmaləddin kafedə içki içdi. Cəmaləddin məni evə aparacağını bildirdi. Cəmaləddin kefli olduğu üçün avtomobili mən idarə etdim. Əvvəlcə Cəmaləddinin oğlunu aparıb evlərinə düşürdüm. Daha sonra özüm evimə getmək istəyərkən Cəmaləddin onu tək qoymamağım üçün yalvardı. Daha sonra kafenin otağının açıq qaldığını bildirən Cəmaləddin avtomobili kafeyə sürməsini dedi. Cəmaləddin gedib avtomobilindən pul götürdü və gətirərək sifətimə vurdu. Mən isə pulları yerdən götürərək Cəmaləddinin sifətinə vurdum. Getmək istəyərkən Cəmaləddin ağlayaraq onu qoyub getməməyimi, özünü öldürəcəyini dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yenidən avtomobilə hərəkət edib və yolun qırağında Dadaşın meyvə satılan polkası olan yerdə dayanıblar: “Orda olan zaman Cəmaləddin mənə söyüş söydü. Mən isə bıçağı Cəmaləddinin üzərinə atdım. Bıçaq yerə düşdü, Cəmaləddin bıçağı götürərək mənə verdi, onu vurmağımı, vurmayana söyüş söydü. Mən də bıçağı götürərək onu vurdum. Daha sonra Cəmaləddin avtomobilinə minərək oradan uzaqlaşdı”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şəhriyar 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top