" Kişilərin sosial həyatda rolu azalıb, məsuliyyətdən boyun qaçırırlar" — Qadınlar niyə boşanırlar?

GÜNDƏM 04 mart 2025, 16:36
"Boşanmaların sayının artmasına görə birmənalı olaraq qadınları qınamaq olmaz. Bu çox biabırçı vəziyyətdir. Boşanmaq az qalsın dəb halını alıb. Əsas səbəb gənclərin ailənin nə olduğunu dərk etmədən evlənmələridir. Onlar ailə qurmaq üçün yox, toy etmək üçün evlənirlər. Yalandan iki tərəf bir-birini araşdırır, sonradan birlikdə yaşaya bilmirlər. Qadınların alimentə görə boşanması fikri kökündən səhvdir. Bu boyda böyük xərclərin, sosial, iqtisadi qayğıların qarşını aliment ala bilməz. Qadınlarda da günah ona görədir ki, uşaq arzu edirlər, ancaq çətinliyini dərk etmirlər". 

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Ramil Nəcəfli deyib.

"200-300 manat alimentlə uşaq böyütmək olmaz. Ailə məsuliyyəti adətən kişinin üzərinə düşür. Son zamanlar gənclərdə məsuliyyətsizlik baş alıb gedir. Ailə məsuliyyəti daşıyacaq kişilərin sayı barmaqla sayılacaq qədər azalıb. Ev təsərrüfatını idarə etməyi hər kəs bacarmır. Hamı ailə məsuliyyətindən qaçır, işin asan tərəfinə qaçıb boşanmağı seçirlər. İgid ona deyərəm ki, boyun qaçırmadan kişi kimi məsuliyyətin altına girə bilsin. Gətirilən bütün səbəblər bəhanədir. Qadınlarda məsuliyyətsizlik olsa da, əsasən kişilər məsuliyyətdən boyun qaçırır. Razi Nurullayevin dedikləri ilə razı deyiləm. Qadınlar taleyin ümidinə tərk edilir. 200-300 manatla nə edə bilərlər?".




O bildirib ki, öz ayağı üzərində qala bilən qadınların sayı çox azdır:

"Bu ifadə də yeni ortaya çıxıb. Nəticədə qadın kişiləşir. Kişilərin sosial həyatda gücü, rolu azalıb, qadınların rolu artıb. Qadın hüququndan danışsaq da, məsələ kökündən həll olunmur. Vəziyyət son dərəcə acınacaqlıdır. Kişilər ailə qeyrətini daşımaqdan boyun qaçırır. Qeyrət, namus deyəndə ağlımıza gələnlərdən söhbət getmir. Evin, ailənin əziyyətini çəkmək, dolandırmaq, vaxt ayırmaq ailənin qeyrətidir. Qadını taleyin ümidinə buraxıb, arxasınca bəhanələr gətirirlər. Elə qadınlar da kişilər haqqında narkoman, alkoqolik və.s kimi ifadələr işlədirlər. Əsas səbəb məsuliyyətdən qaçmaqdır. İnsanın mərdliyi ailəni bütün problemlərə baxmayaraq davam etdirə bilməkdir".

Qeyd edək ki, deputat Razi Nurullayev boşanmaların artmasında günahkar olaraq qadınları görüb və qadınların alimentə görə boşandığını bildirib. 



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top