"USAID kimi təşkilatların fəaliyyəti dövlətlər üçün ciddi təhdid yaradır" — AÇIQLAMA

GÜNDƏM 09 sentyabr 2025, 19:50
"Dünyada bir sıra beynəlxalq təşkilatlar milli dövlətlərə zərbə vuran proseslərin reallaşdırılması istiqamətində böyük layihələr həyata keçirir və buna milyardlarla vəsait ayırırlar. Təbii ki, bunun arxasında qlobal imperializm dayanır, məqsəd dövlət ənənələrinin dağıdılmasıdır".

Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq,  Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. 

Əli Zülfüqaroğlunun sözlərinə görə, eyni zamanda, dövlətlərin əsas sütunlarından olan dəyərlər sisteminin sıradan çıxarılması istiqamətində ciddi layihələr həyata keçirilir və maliyyə ayrılır: 

"Bu sıraya bir sıra beynəlxalq təşkilatlar daxildir və bunlardan biri də USAID-dir.USAID 50 milyard dollarlıq böyük büdcəyə sahibdir, lakin o sadəcə icraçı qurumdur. Yəni qərarların qəbul olunmasında rol oynayan daha böyük təşkilatlar mövcuddur. Onların sırasına Bilderberq Klubu və digər iri təşkilatlar daxildir.Ümumiyyətlə, dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatların demək olar ki, hamısının arxasında qlobal imperializm dayanır. Bu təşkilatlar beynəlxalq maliyyə institutlarının törəmə quruluşları sayılır və qida sektorundan insan hüquqlarına qədər bir çox sahələrdə fəaliyyət göstərirlər. USAID də bunlardan biridir və onun əsas məqsədi dəyərlər sisteminin sıradan çıxarılması, "yeni dəyərlər"in yaradılması və bunun təbliği üçün layihələr həyata keçirməkdir".

Politoloq deyib ki, dəyərlər sistemi "yeni dəyərlər" vasitəsilə sıradan çıxarılır:

"Dəyərlər sisteminin sıradan çıxarılması və "yeni dəyərlər"in formalaşdırılması ictimai şüurun dəyişdirilməsi ilə mümkün olur. Məsələn, LGBT kimi pozğun meyillər "yeni dəyərlər" adı altında cəmiyyətə təqdim olunur və bunun propaqandası aparılaraq cəmiyyətdə normal hal kimi qəbul etdirilir. Təəssüflər olsun ki, bu proses artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə olunur.Mən hesab edirəm ki, USAID kimi təşkilatların fəaliyyəti dövlətlər üçün ciddi təhdid yaradır. Birləşmiş Ştatlarda hakikiyyətdə olan milli dövlət ideologiyasının tərəfdarı olan qüvvələr, yəni Trump administrasiyasında bu cür qeyri-ənənəvi dəyərləri yaymağa çalışan təşkilatları təhlükə kimi qiymətləndirir və onların fəaliyyətinin məhdudlaşdırılmasına çalışır.Birləşmiş Ştatlar daxilində  qlobal imperializmin maraqlarına xidmət edən bu tip təşkilatların sıradan sıradan çıxarılması hazırda prioritet məsələdir. Ona görə də hesab edirəm ki, nə qədər ki, milli dövlətləri dəstəkləyən qüvvələr hakimiyyətdədir, Azərbaycan kimi ənənəvi dəyərlərə önəm verən ölkələrlə Birləşmiş Ştatlar arasında münasibətlərdə problem olmayacaq. Təbii ki, ABŞ-də hazırku hökumətə qarşı təzyiqlər kifayət üədər güclüdür və vəziyyət tam nəzarət altında deyil. Yəni Tramp hökuməti hər şeyə nəzarət edəcək səviyyədə güclü dayaqları formalaşdırmağa çalışsa da, ciddi təhdidlərlə üz-üzədir. Hazırda Azərbaycan dövləti ilə Birləşmiş Ştatlar hər iki ölkə və onların cəmiyyətləri üçün zərərli ola biləcək bu tip təşkilatların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində praktiki addımlar atırlar".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top