Mədəkiçiltmə əməliyyatına tələsməyin — Həkim risklərdən danışdı

GÜNDƏM 09 sentyabr 2025, 18:11
“Azərbaycanda mədəkiçiltmə əməliyyatlarının populyarlığının artması təsadüfi deyil. Çünki piylənmə artıq təkcə estetik məsələ yox, ciddi sağlamlıq problemi kimi qəbul olunur. Bu xəstələrdə şəkərli diabet, arterial hipertenziya, qaraciyərin piylənməsi, ürək-damar xəstəlikləri, yuxu apnesi kimi ağır fəsadların riski artır”.

Bunu qastroenteroloq Ramil Məmmədli Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, insanlar pəhriz və fiziki aktivliklə nəticə əldə edə bilmədikdə, son çarə kimi cərrahi yola müraciət edirlər:

“Amma mədəkiçiltmə əməliyyatı sadə bir prosedur deyil və böyük risk daşıyır. Əməliyyatın özü zamanı və sonrakı dövrdə qanaxma, tikişlərin açılması, mədənin sızması, qarın boşluğunda infeksiya, tromblaşma kimi ağırlaşmalar baş verə bilər. Ölüm halları əsasən bu fəsadlarla bağlı olur. Eyni zamanda, bəzi xəstələr əməliyyatdan sonrakı qaydalara düzgün əməl etmirlər. Doğru qidalanmaya, vitamin-mineral dəstəklərinə və müntəzəm həkim nəzarətinə riayət etmədikdə vəziyyət daha da ağırlaşa bilər. Ona görə də bu əməliyyat yalnız ciddi tibbi göstəriş olduqda, peşəkar bariatrik cərrah və multidissiplinar komanda tərəfindən aparılmalıdır. Mənim tövsiyəm odur ki, hər bir insan əvvəlcə qastroenteroloq və dietoloqla məsləhətləşsin, digər üsulları sınasın. Cərrahiyyə yalnız çıxış yolu qalmadıqda və xəstənin ümumi sağlamlıq vəziyyəti buna imkan verdikdə gündəmə gətirilməlidir.”

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top