Deputat: "Xocalı soyqırımını törətmiş canilər bu gün qanun qarşısında cavab verirlər"

GÜNDƏM 26 fevral 2025, 11:56
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Milli Məclisin deputatı Tural Gəncəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Xocal soyqırımı tariximizdə, xalqımızın tarixində əbədi yaşayacaq:


“Xocalı soyqırımını, onun qurbanlarının xatirəsini heç vaxt unutmayacağıq. Ancaq bu gün biz Xocalı soyqırımının qurbanlarının xatirələrini nikbinliklə yada salırıq. Çünki artıq biz onların qisasını almışıq. Bu gün Xocalı şəhərinə sakinlər qayıtmış və öz evlərində yaşayırlar. Həmin soyqırıma məruz qalan insanlar da öz torpaqlarına qayıdıblar. Buna baxmayaraq, yenə də biz Xocalı soyqırımının dünyanın, bəşəriyyətin ən böyük cinayətlərindən biri kimi qəbul edirik. Bu soyqırımın hüquqi, siyasi, mənəvi qiymətləndirilməsini daim aparacağıq. Bu günlərdə Bakıda Xocalı soyqırımını törədən erməni canilərinin təqsirləndirilən şəxslər qismində məhkəmə qarşısına çıxardılıb. Həmin o şəxslərin də artıq məhkəmə qarşısında olduğunu görürük”.

Deputat qeyd edib ki, ədalətin qələbə çaldığını, ədalətin zəfər çaldığını bütün dünya görür:

“Bu, çox yaxşı haldır ki, Azərbaycan dövləti bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərin məhkəməsini, məsuliyyətini, məsuliyyətə cəlb edilməsini başqa beynəlxalq qurumlara, tribunalara buraxmadı.  

Öz xalqımız, liderimiz, ölkəmiz bu məsələni həll etdi və həmin o cinayətkarlar bu gün məhkəmə qarşısına cavab verirlər. Təəssüflər olsun ki, hələ də ermənipərəst qüvvələr Azərbaycanda keçirilən məhkəmə prosesində məsuliyyətə cəlb olunmuş şəxslərin günahsız olduğunu qələmə verirlər. Onların azadlığa bıraxılmasını tələb edən qüvvələr var. Bu da dünyada nə qədər ikiüzlü bir siyasətin olduğunu göstərir. Bu gün alnı açıq, başı dik şəkildə bütün bu soyqırım cinayətinin törədənləri və onların arxasında duranların cəzaya məruz qaldığını, məsuliyyətə cəlb edildiyini nikbinliklə qeyd edirik. 

Bir sözlə, tarixi bir missiyanı uğurla həyata keçirdik. Xocalı soyqırımını törətmiş canilər qanun qarşısında cavab verir. Ədalət, qələbə qazandı, ədalət bərpa edildi. Azərbaycanın simasında insan hüquqlarının bərpası 33 il sonra olsa da bərpa edildi”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 14:54
Top