
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.
Bəs hərbçilərin maaşları hansı cərimələr ilə artacaq?
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Metbuat.az-a açıqlamasında bu ideyanın ətrafında aparılan müzakirələrə təəccübləndiyini bildirib:
“Şübhəsiz ki, qanunsuz olaraq hərbi forma geyinmək və ya hərbi formanın daşınması tələblərini pozmaq yolverilməzdir. Ancaq gəlin baxaq, Azərbaycanda bu pozuntular nə qədər yayılıb ki, həmin cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların maaşlarına əlavə edilsin? Reallıqda bu məbləğ nə qədər olacaq? 20 qəpik? Hətta bu məbləğ belə çıxmaya bilər”.
Onun sözlərinə görə, digər bir məsələ isə bu vəsaitin hansı meyarlarla bölüşdürüləcəyidir:
“"Hərbi qulluqçu" anlayışı genişdir – Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər güc strukturları bu kateqoriyaya daxildir. Tutaq ki, qanunu pozan iki nəfər saxlanıldı və cəmi 2000 manat cərimə edildi. Bu vəsait Müdafiə Nazirliyi tərəfindən necə və kimlər arasında bölüşdürüləcək? Belə qeyri-müəyyən və qeyri-real yanaşmalarla qanuna əlavə və dəyişikliklər etmək düzgün deyil. Əgər cərimələrdən yığılan vəsaitdən istifadə nəzərdə tutulursa, bu pulların konkret bir fonda – məsələn, Dövlət Sosial Müdafiə Fonduna və ya hərbi qulluqçular üçün ayrıca bir fonda yönləndirilməsi daha məntiqli olardı”.
Ü.Cəfərov belə bir təkliflə ilk dəfə qarşılaşdığını da qeyd edib:
“Dünya ordularında belə bir praktika mövcud deyil. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun tələblərinin pozulmasına görə nə qədər pozuntu baş verməlidir ki, oradan yığılan vəsait hərbi qulluqçuların maaşlarına təsir etsin? Bu məsələnin bəzi güc strukturlarındakı digər mexanizmlərlə əlaqələndirilməsi də düzgün deyil. Məsələn, gömrük və ya vergi orqanlarında müəyyən pozuntular aşkarlandıqda həmin vəsaitlərin bölüşdürülməsi fərqli qaydalarla həyata keçirilir. Ancaq bu praktikanı hərbi xidmətə tətbiq etmək məntiqsiz görünür. Bundan daha vacib məsələlər var”.
“Milli Məclis üzvlərinə buradan səslənirəm: Müharibə veteranları ilə bağlı qanunvericilikdə hansı yeniliklər nəzərdə tutulur? Artıq müharibədən beş il keçib. Veteranların müavinətləri və onlara tətbiq edilən güzəştlərlə bağlı hər hansı bir addım atmaq fikrindəsinizmi? Təəssüf ki, bu məsələdə də susqunluq davam edir”, - deyə hərbi ekspert əlavə edib.