“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən azad edilən Aybəniz Rafik qızı İsmayılovanın atası, Bakı Vaqon Deposunda qatar rəisi işləyən Rafik Kərəm oğlu Məmmədov barəsində sensasion fakt məlum olub.
Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, R.Məmmədov da nöqsanlara yol verdiyinə görə cəzalandırılıb.
Belə ki, 2008-ci ilin 27 noyabr tarixində Bakı-Sankt-Peterburq istiqamətində hərəkət edən 313/314 nömrəli qatarın rəisi Rafik Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vaqon bələdçiləri Firqəçi Əhməd oğlu Hüseynov və Fəxrəddin Kabı oğlu Kazımova 4 nəfər biletsiz sərnişini Rusiya Federasiyasının Həştərxan stansiyasından Sankt-Peterburq stansiyasına qədər aparmaları barədə tapşırıq verib, həmin sərnişinlərin yoxlayıcılar tərəfindən aşkar olunmasının qarşısını almaq üçün müəyyən olunmamış mənbədən əldə etdiyi ÇQƏ seriyalı 764124 nömrəli, ÇQƏ seriyalı 764128 NQ-II və ÇQƏ seriyalı 764127 nömrəli sərnişin bilet blanklarının saxta olmasını bilə-bilə İsmayıl Şamil Fərhad oğlunun, Tağıyev İsmət Rüfət oğlunun və Əliyev Əsabəli Söhbət oğlunun adlarına tərtib edilməsinə göstəriş verib.
Bundan başqa, o, vaqon bələdçiləri Firqəçi Hüseynov və Fəxrəddin Kazımovla qabaqcadan əlbir olub bir qrup şəxs kimi birləşərək, qatarın tərkibindəki 9-cu vaqonda 4 nəfəri yerləşdirib biletsiz Rusiya Federasiyasının Həştərxan stansiyasından Sankt-Peterburq stansiyasına qədər aparmaqla etibardan sui-istifadə edib “Azərbaycan Dəmir Yolları” QSC-nin fonduna 270.12 manat, “Rusiya Dəmir Yolları” ASC-nin fonduna isə 260 manat olmaqla ümumi gediş haqqı kimi çatacaq cəmi 530.12 manatı ödəməməklə mülkiyyətçiyə ziyan vurub.
2010-cu ildə Nəsimi Rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm çıxarılıb. Hökmə əsasən, Məmmədov Rafik Kərəm oğlu Cinayət Məcəlləsinin 184.2.1, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib. Cinayət Məcəlləsinin 184.2.1-ci maddəsi ilə 500 manat, 308.1-ci maddəsi ilə 1000 manat, 313-cü maddəsi ilə 500 manat məbləğində cərimə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə R.Məmmədova qəti olaraq 1500 manat cərimə cəzası təyin edilib. Məhkəmənin hökmü qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməyib.
Həmin dövrdə QSC-nin sədri Arif Əsgərov olub.
Qeyd: “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edildiyi bildirilən Aybəniz İsmayılova ilə bağlı daxili araşdırmaların nəticəsi QSC-nin sədri Rövşən Rüstəmova bu gün təqdim ediləcək. Onun “Bakı Metropoliteni” QSC-də işə düzəlmək arzusu da baş tutmayıb. A.İsmayılova departament rəhbəri təyin edildikdən sonra uğursuz kadr siyasəti ilə yadda qalıb.
Xatırlatma: Aybəniz İsmayılova Xəzər Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, “Beynəlxalq hüquq” üzrə magistr məzunudur. Böyük Britaniya Krallığının “Chevening” təqaüdünü qazanaraq Mançester Universitetində “Beynəlxalq inkişaf” ixtisası üzrə əlavə magistr dərəcəsi alıb. Fransanın INSEAD Universitetinin IHT ali idarəetmə proqramının məzunudur. Onun əvvəlki 20 ilə yaxın iş təcrübəsi BMT, USAID (nöqsanlara görə uzaqlaşdırıldığı bildirilir) və digər beynəlxalq təşkilatlarda, eləcə də ictimai və biznes sektorunda dayanıqlı inkişaf, kommunikasiya, sosial həssas qruplarla və beynəlxalq donorlarla iş istiqamətində fəaliyyəti əhatə edir.