12 milyard avroluq plan Azərbaycana nə qazandıracaq? — İqtisadçı açıqladı

İQTİSADİYYAT 17 sentyabr 2026, 14:50
Avropa İttifaqının Orta Dəhlizin inkişafı üçün 12 milyard avroyadək investisiya cəlb etmək planı Azərbaycanın tranzit imkanları baxımından strateji əhəmiyyət daşıyır. Vəsaitin infrastrukturun və nəqliyyat bağlantılarının gücləndirilməsinə yönəldilməsi Şərq-Qərb ticarət marşrutunda ölkənin mövqeyini daha da möhkəmləndirə bilər.

Bəs bu maliyyə dəstəyi Azərbaycanın tranzit gəlirlərinə və Orta Dəhlizdəki mövqeyinə konkret olaraq necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə bildirib ki, Avropa İttifaqının Orta Dəhlizin inkişafı üçün dövlət və özəl sektordan 12 milyard avroyadək investisiya cəlb etməyi planlaşdırması Azərbaycan üçün iqtisadi imkanlar yarada bilər.

Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkələrindən biri olduğuna görə, dəhlizin ötürücülük qabiliyyətinin artması və daşınma müddətinin azalması ölkəmizdən keçən yük həcmini də artıra bilər:

“İstənilən halda, həmin vəsaitin hamısının Azərbaycana yönələcəyini gözləmək olmaz. Bunun mümkün nəticələrindən biri tranzit və nəqliyyat xidmətlərindən əldə edilən gəlirlərin artması ola bilər. Ancaq iqtisadi effekt bununla məhdudlaşmır. 

Yük axınının genişlənməsi Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt limanı və digər logistika infrastrukturlarından istifadənin artmasına, eyni zamanda anbar, sığorta, ekspeditor, gömrük, yükdaşıma və digər xidmət sahələrinin inkişafına əlavə stimul verə bilər.

Azərbaycan üçün əsas məsələ yalnız tranzit ölkə kimi çıxış etməklə kifayətlənməməkdir. Dəhliz ətrafında logistika mərkəzlərinin yaradılması, emal, qablaşdırma, distribusiya və digər əlavə dəyər yaradan fəaliyyətlər genişləndirilərsə, layihənin ölkə iqtisadiyyatına təsiri daha böyük olar.

Bu baxımdan Orta Dəhliz həm tranzit gəlirlərinin artırılması, həm də qeyri-neft sektorunun şaxələndirilməsi üçün mühüm imkan kimi qiymətləndirilə bilər.

Söhbət bütövlükdə Orta Dəhlizin inkişafı üçün nəzərdə tutulan investisiya imkanlarından gedir. Azərbaycanın bundan nə qədər faydalanacağı isə ölkənin konkret layihələr təqdim etməsindən, infrastrukturun modernləşdirilməsindən və dəhlizin digər iştirakçıları ilə koordinasiyanın nə dərəcədə səmərəli aparılmasından asılı olacaq”.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 14:39
Top