"Məktəbdə zorakılıq hallarının qarşısını almaq üçün cəmiyyət səviyyəsində tədbirlər görülməlidir" — Kamran Əsədov

GÜNDƏM 13 yanvar 2025, 12:44
Şabran şəhərindəki T.Abbasov adına 1 saylı tam orta məktəbdə 10-cu sinif şagirdinin 11-ci sinif şagirdini xəstəxanalıq etməsi xəbərini yəqin ki görmüsünüz. Məktəblilər arasında baş verən xoşagəlməz olayda iki məktəbli deyil, daha bir neçə nəfərin iştirak etdiyi deyilir. İnsident zamanı 10-cu sinif şagirdi yumruqla 11-cu sinif şagirdinə xəsarət  yetirib. Göz nahiyəsindən ağır zərbə alan məktəbli əməliyyat olunmaq üçün Şabran Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım edildikdən sonra Bakıya - Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinə göndərilib.

Məktəblərdə demək olar ki, belə hallarla tez-tez rastlaşırıq. Hər sinifdə çətin tərbiyə olunan şagird var. Həmin uşaqlar bağlı nə kimi təbir görülməlidir?

Hadisə ilə bağlı təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlama verib. 

Onun sözlərinə görə, məktəblərdə zorakılıq və intizam məsələləri müasir təhsil sisteminin həll etməli olduğu ən aktual problemlərdən biridir:

“Şabran şəhərində baş verən insident həm ailələrin, həm də məktəblərin tərbiyə funksiyasının zəifləməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Təhsil müəssisələrində belə halların qarşısını almaq üçün həm hüquqi, həm psixoloji, həm də təhsil yanaşması tətbiq olunmalıdır. Azərbaycanın Təhsil Qanununa əsasən, məktəblər təkcə təhsil verən qurum deyil, eyni zamanda şagirdlərin mənəvi-əxlaqi tərbiyəsinin formalaşdırılmasında iştirak edən mühüm sosial institutdur. Təhsil Qanununun 7-ci maddəsində göstərilir ki, məktəblərdə şagirdlərin təlim-tərbiyəsi zamanı insan hüquqları, tolerantlıq və humanizm prinsiplərinə əməl edilməlidir. Lakin belə insidentlər bu prinsiplərin yetərincə tətbiq olunmadığını göstərir. Bununla yanaşı, Azərbaycan Cinayət Məcəlləsinin 126-cı maddəsinə (Qəsdən sağlamlığa ağır zərər vurma) uyğun olaraq, bu cür zorakılıq halları hüquqi məsuliyyətə səbəb ola bilər. Məktəb daxilində baş verən hər bir zorakılıq hadisəsi təkcə təhsil məsələsi kimi deyil, həm də hüquqi müstəvidə qiymətləndirilməlidir.

Azərbaycanda məktəblərdə zorakılıq hallarına dair rəsmi statistika kifayət qədər ətraflı olmasa da, 2022-ci ildə Təhsil Nazirliyinin hesabatlarına əsasən, şagirdlər arasında konfliktlər və intizam pozuntuları təhsil sisteminin zəif həlqələrindən biri kimi qeyd olunub. Hətta Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, məktəblərdə zorakılıq və təzyiq dünya miqyasında təxminən 30% şagirdi əhatə edir. Bu, ciddi sosial problem olaraq, həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə aktualdır”.

Ekspert diqqətə çatdırıb ki, dünya təcrübəsində zorakılığın qarşısını almaq üçün bir sıra uğurlu yanaşmalar tətbiq edilir:

“Məsələn, Finlandiyada məktəblərdə zorakılıq halları “KiVa Antibullying Program” vasitəsilə həll edilir. Bu proqramın əsas məqsədi şagirdlərdə empatiya bacarıqlarını inkişaf etdirmək, zorakılığa qarşı sıfır tolerantlıq mühiti yaratmaq və zorakılıq edən şagirdlərin islah olunmasını təmin etməkdir. Kanada isə “Roots of Empathy” proqramı ilə şagirdlər arasında emosional intellektin artırılmasına və münaqişələrin dinc yolla həll edilməsinə nail olub. ABŞ-da isə “Positive Behavioral Interventions and Supports” yanaşması ilə müsbət davranışları gücləndirmək üçün şagirdlərə fərdi və qrup səviyyəsində dəstək göstərilir. Məktəblərdə tərbiyəvi yanaşma olmadan intizam məsələlərinin həlli mümkün deyil.

Psixoloqların fikrincə, çətin tərbiyə olunan şagirdlərin davranışlarının səbəbləri çox vaxt ailədə baş verən problemlərlə əlaqəlidir. Azərbaycanda aparılan araşdırmalar göstərir ki, tərbiyəsi çətin olan uşaqların əksəriyyəti ya sosial cəhətdən həssas ailələrdən, ya da valideyn nəzarətinin zəif olduğu mühitdən gəlirlər. Bu baxımdan, məktəblər ailələrlə sıx əməkdaşlıq etməli, valideynlərin də tərbiyə prosesində daha aktiv rol oynamasını təmin etməlidir. Bundan əlavə, məktəblərdə münaqişələrin idarə olunması və zorakılığın qarşısının alınması üçün müəllimlərin xüsusi təlimlərə cəlb olunması vacibdir. Müəllimlər konfliktlərin erkən mərhələdə həllini tapmalı və şagirdlərə nümunə olmalıdırlar. ABŞ təcrübəsində müəllimlər üçün keçirilən xüsusi “Classroom Management” təlimləri uğurlu nəticələr verib”. 

K.Əsədov əlavə edib ki, belə hadisələr təkcə fərdi bir problem deyil, həm də cəmiyyətin ümumi sosial strukturunun göstəricisidir:

“Məktəbdə zorakılıq hallarının qarşısını almaq üçün yalnız məktəb daxilində deyil, ümumilikdə cəmiyyət səviyyəsində də tədbirlər görülməlidir. Bu tədbirlər arasında sosial maarifləndirmə kampaniyaları, təhsil proqramlarında konfliktlərin həlli və zorakılığa qarşı mübarizə dərslərinin daxil edilməsi vacibdir. Həmçinin məktəblərdə təhlükəsiz mühitin təmin edilməsi üçün psixoloqların fəaliyyəti gücləndirilməli, valideynlər, müəllimlər və məktəb rəhbərliyi arasında koordinasiya artırılmalıdır. Ona görə də bu kimi hadisələrin qarşısını almaq üçün hər bir səviyyədə - ailədən məktəbə, məktəbdən hüquqi müstəviyə qədər hərtərəfli tədbirlər həyata keçirilməlidir”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top