Təhsil eksperti: "Zorakılıq halları şagirdin məktəbi dəyişməsinə gətirib çıxarır..."

SOSİAL 25 dekabr 2024, 17:25
Bu il 47 mindən çox şagird yerdəyişməsi qeydə alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, ümumi təhsil müəssisələri üzrə 47 min 170 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Təhsil eksperti Elçin Muradov Demokrat.az-a açıqlamasında şagird yerdəyişməsinin səbəblərindən danışıb. 

O deyib ki, bunun obyektiv və subyektiv səbəbləri var:

“Şagirdin oxuduğu məktəbi dəyişməsinin müxtəlif səbəbləri ola bilər. Bu, daha çox yaşayış yerinin dəyişməsi ilə bağlıdır. Ailə başqa evə köçür, yaşayış yeri dəyişir, təbii olaraq uşaqlar da evə yaxın məktəbə getməyə başlayırlar. Bir səbəb də işsizliklə bağlıdır ki, bunun ucbatından rayonlardan şəhərə yaşamağa gələn insanları görürük. Düzdür, çox vaxt ailə başçısı, yəni ata paytxtda və ya digər böyük şəhərlərə işləmək üçün gedir, amma ailəsini özü ilə aparan insanlar da var. Kirayə yaşamağa başlayan ailənin həyatı dəyişdiyi kimi, uşaqların məktəbi, müəllimləri, sinif yoldaşları da dəyişir”. 

Ekspert bildirib ki, aktual səbəblərdən biri də məktəbdə tədrisin keyfiyyəti ilə bağlıdır: 

“Çox vaxt valideynlər dərslərin keçirilmə metodundan, pedaqoji kollektivdən narazı qalır və uşağın məktəbini dəyişməyə qərar verir. Və ya ola bilər ki, uşaq məktəbdə sinif yoldaşları, özündən böyük şagirdlərlə və ya müəllimlə problem yaşayıb, məktəbə getmək istəmir, valideyn də məcbur olur məktəbi dəyişməyə. 

Bəzi məktəblərdə zorakılıq, bullinqlə üzləşən şagirdlər var. Onlar yenidən həmin mühitə adaptasiya oluna bilmir, oxumaq, təhsil almaq həvəsi ölür. Belə olan halda məktəbi dəyişmək, uşağı yenidən dərs oxumağa həvəsləndirmək ən doğru qərardır. Günümüzdə zərərli vərdişlər təhsil ocaqlarına da ayaq açıb təəssüf ki. Valideynlər uşaqlarının zərərli vərdişlərə qurşanmasında narahat olurlar. Bu da yenə şagird yerdəyişməsi ilə nəticələnir. 

Düşünürəm ki, belə halların baş verdiyi məktəblər aiddiyyəti təhsil qurumlarının nəzarətində olmalıdır”. 

E.Muradov əlavə edib ki, şagird yerdəyişməsinin daha bir səbəbi universitet hazırlıqlarıdır:
 
“Dərs yükü çoxdur, yuxarı sinif şagirdləri isə imtahanlara hazırlaşmaq, universitetə daxil olmaq üçün çalışırlar. Dərslərini oxumağı, məktəbə getməyi çatdırmırlar. Şagird oxuduğu məktəbdən çıxarılır, adı digər məktəbdə, məsələn rayon, kənd məktəbində yazılır, özü isə dərsə getmir”.
  

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top