Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir? — Rəsmi qəzet “20 Yanvar” yeraltı keçidindən YAZDI...

GÜNDƏM 30 noyabr 2024, 20:12
İşsiz qalmış sahibkarlar müvafiq qurumlardan cavab gözləyirlər...

Təqribən, 3 ay əvvəl Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı keçidlərindəki mağazaların fəaliyyəti dayandırılıb. Sahibkarlar iddia edirlər ki, ticarət köşklərinin hansı səbəbdən bağlanması ilə əlaqədar onlara heç bir məlumat verməyiblər. Bununla da, onlarca sahibkar son ümid yeri kimi baxdıqları mağazalardan əldə etdikləri cüzi qazancdan məhrum olublar.

Üstündən xeyli müddət keçməsinə baxmayaraq, həmin ticarət köşklərinin taleyi qaranlıq olaraq qalır. Üstəlik, müvafiq qurumların mağazaların bağlanmasının səbəbləri barədə heç bir açıqlama yaymaması da sahibkarların narahatlığını getdikcə artırır.

“Klassik-Aİ” MMM-nin həmtəsisçisi və baş direktoru İlham İsmayılovun imzası ilə redaksiyamıza ünvanlanmış məktub da məhz bu barədədir. Məktubda qeyd olunur: “1998-ci ildən “Klassik-Aİ” MMM-in Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yeraltı keçidində fəaliyyət göstərən ticarət köşklərinin işi 29 avqust 2024-cü il tarixində dayandırılmışdır. Bununla bağlı etdiyimiz çoxsaylı müraciətlərə cavab olaraq köşklərin fəaliyyətinin dayandırılması səbəbi paytaxtda keçirilən COP29 tədbiri ilə əlaqələndirilmişdir. Artıq COP29-un başa çatmasına baxmayaraq, hələ də mağazaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı heç bir məlumat ala bilmirik”.

İ.İsmayılov yazır ki, hüquqi təmsilçisi olduğu “Klassik-Aİ” MMM şirkəti Bakı şəhəri, Həsən bəy Zərdabi, Rövşən Cəfərov küçələri və Moskva prospektinin kəsişməsində, 20 Yanvar dairəsindəki yeraltı piyada keçidində yerləşən ümumi sahəsi 489 kvadratmetr olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti) ilə bağlanmış müqavilə əsasında icarəyə götürərək burada sahibkarlıq (mağazaların təşkli) fəaliyyətini həyata keçirib. Bununla da, şirkət sahibkarlıq sahəsində fəaliyyət göstərmək istəyən çoxsaylı vətəndaş üçün iş imkanı yaradıb.

Sahibkarın sözlərinə görə, ötən müddətdə burada qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə uyğun olaraq təmizliyə, eləcə də təhlükəsizlik tədbirlərinə tam riayət olunub. Dövlət Vergi Xidmətinin razılığı əsasında kassa aparatları və POS-terminallarla təmin olunmuş sahibkarlar vergiləri vaxtlı-vaxtında ödəyiblər. Eyni zamanda, həmin keçiddən istifadə edən insanların gediş-gəlişinə mane olmamaq üçün müvafiq tədbirlər də görülüb. Bu yaxınlarda isə qarşılıqlı razılaşmaya əsasən ərazi üzrə müvafiq icra strukturu olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə xidmətlərin göstərilməsi üçün yeni müqavilə bağlanıb.

Elə ərazidə xırda ticarətlə məşğul olan sahibkarlar da 25 il ərzində çalışdıqları mağazaların fəaliyyətinin heç bir səbəb göstərilmədən dayandırılması ucbatından ciddi maliyyə böhranı keçirdiklərini bildirirlər. Onlar, hətta mağazaların bağlı qalması səbəbindən kassa aparatlarının və POS-terminalların fəaliyyətsizliyi barədə Vergilər Nazirliyinə məlumat da veriblər.

Yeri gəlmişkən, ötən müddətdə “Klassik-Aİ” MMM-nin rəhbərliyi, eləcə də mağaza sahibləri müvafiq qurumlara etdikləri çoxsaylı müraciətlərə lazımi cavab ala bilməyiblər. Paytaxtda keçirilən beynəlxalq tədbirin sona çatmasına baxmayaraq, aidiyyəti qurumlardan, hələlik, heç bir səs-səmir çıxmır. Vaxt uzandıqca isə sahibkarların narazılıqları da artır.

Elə biz də müvafiq qurumların məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətindən sorğumuza cavab olaraq bildirilir: 

“Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının keçidində yerləşən, Yasamal Rayon MKTB-nin balansında olan 489 kv.m. qeyri-yaşayış sahəsi (ticarət cərgəsi) 14.04.2009-cu il tarixindən “Klassik-Aİ” MMM-ə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş və müqavilənin müddətinin uzadılması barədə müəssisənin müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Klassik-Aİ” MMM arasında 02.08.2022-ci il tarixli icarə müqaviləsi bağlanılıb. İcarə müqaviləsinin müddəti 27.07.2024-cü il tarixində bitib.

Sorğuda qeyd edilən ticarət obyektinin bağlanılması səbəbi barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur”.

Digər qurumlardan isə məsələ ilə bağlı konkret bir fikir öyrənə bilmədik. Bununla belə, güman edirik ki, aidiyyəti dövlət təşkilatları yaxın günlərdə məsələyə əncam çəkərək işsiz qalmış sahibkarları sevindirəcəklər.

Mənbə: Xalq qəzeti
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top