"Bilməlidirlər ki, real həyat kimi virtual həyatda da davranışlar məsuliyyət altına düşür” — AÇIQLAMA

GÜNDƏM 29 noyabr 2024, 18:17
“Biz rəqəmsal cəmiyyətdə yaşayırıq. İnternet əsrində, sosial şəbəkə platformaları reallığında yaşayırıq. Bu reallıqların üstün cəhətləri olduğu kimi neqativ cəhətləri də var. Sosial şəbəkələrdən, onların imkanlarından proqmatik məqsədlərlə istifadə edən 100 minlərlə insan var. Onların üzərindən iş quran, işgüzar imkanlarını inkişaf etdirən, təhsil karyeralarını quran, bir sıra uğur hekayələri yaradan istifadəçilər var. Bu baxımdan rəqəmsal cəmiyyət təzahürü olaraq sosial şəbəkə platformalarının üstünlükləri çoxdur. Bu gün əmək bazarında həm də onlayn əmək bazarı formalaşır. Bundan da istifadə edənlər çoxdur. Onlar arasında uşaqlar da var.  Təhsil bacarıqlarının formalaşmasında sosial şəbəkə platformalarının üstünlükləri çoxdur. Ancaq biz sosial şəbəkə platformalarını nə dərəcədə proqmatik məqsədlərlə istifadə etdiyimizi düşünməliyik”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib:



"Məsələn, “Tiktok” Çində ərsəyə gəlib. Ancaq Çin özü bu proqramdan istifadə etmir, onun analoqundan istifadə edir. Hətta analoqundan istifadə üçün də uşaqlara istifadə limiti müəyyənləşib. Çin mütəxəssisləri belə qənaətə gəliblər ki, məhz  “Tiktok” uşaqlarda klik sindromu, fraqmental düşüncə yaradır. Riyazi məntiqi, analitik təfəkkürü zəiflədir və uşaqların enerjisini tükəndirir. O cümlədən, əmək qabiliyyətli əhalinin də enerjisinin tükənməsinə, əmək məhsuldarlığına neqativ təsir göstərir. Bu baxımdan böyüklər üçün də qadağalar var”. 

 Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrində məmurlar, dövlət qulluqçuları üçün bu şəbəkə platformasının istifadəsi məhdudiyyətləri var:

“Sosial şəbəkə platformaları üzərindən sarı informasiyalar paylaşırlar, hüquqa zidd davranışlar sərgiləyirlər.Bunun qarşısını almaq üçün Avropa ölkələri də hərəkətə keçiblər. Misal üçün, Almaniya hökuməti 2017-ci ildə sosial şəbəkə platforması operatorları ilə müqavilə bağlayıb ki, hüquqa zidd hərəkət edənlərin kimliyi müəyyən edilsin. Oxşar müqavilə Azərbaycan hökuməti və sosial şəbəkə operatorları ilə bağlansa çox yaxşı olar. Yaxşı olar ki, sosial şəbəkə fəaliyyətini tənzimləyən qanun olsun.

Media Haqqında Qanunun 10 və 14-cü maddəsində bu istiqamətdə məqamlar var. Eyni zamanda, ölkə başçısı 2018-ci  ildə uşaqların zərərli informasiyanın qorunması ilə bağlı qanun imzalayıb. 

Ancaq Azərbaycanda sosial şəbəkə platformaları üzərindən həyata keçirilən davranışlar göstərir ki, ayrıca bir qanuna ehtiyac var.

 Bu qanun olarsa, hüquq tənzimləmə mexanizmləri daha rahat çalışar. Bəzi sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, onlar sosial şəbəkədən istədikləri kimi istifadə edə bilərlər. 

 Onlar yanılırlar. Bilməlidirlər ki, real həyat kimi virtual həyatda da davranışlar məsuliyyət altına düşür”. 

Sosioloq vurğulayıb ki, qanun olarsa, istifadəçilərin hüquqi anlayışları da artacaq:

“Yaxşı olar ki, sosial şəbəkələrdə fiilter tətbiq olunsun. Sarı informasiyalara, uşaqların psixologiyasına təsir edən oyunlara filter tətbiq edilməlidir. 
Təəssüf ki, təkcə sosial mediada deyil, mətbuatda da kriminal aləmin insanları qəhrəmanlaşdırılır. Bu da yeniyetmə və uşaqlara pis təsir edir. 

Onlar elə bilir ki, mətbuat hansısa cinayət aləminin insanından bəhs edirsə,həmin adam düz yaşayıb. Bu çox neqativ bir haldır.

Yaxın günlərdə Xəzər televiziyasında, Qızılbarmaq Fatmaya həsr olunmuş bir veriliş hazırlanmışdı. Ölkənin tanınmış imzaları onunla bağlı fikir bildirdilər. Bu arzuolunmaz haldır. 

Çünki həmin insan oğru olub. Və televiziyamız onun haqqında veriliş hazırlamışdı. Verilişdə onun əməllərinin neqativ tərəfləri tam çatdırılmadı. 

 Sanki subliminal mesaj ötürülürdü. Bu yolverilməz yanaşmadır. Hansısa cinayət aləminin adamının təmtəraqlı dəfn prosesi saytlarda, qəzetlərdə yer alır. Belə hallar da yol verilməz hallardır. Mediada mütəmadi olaraq monitorinqlər aparılmalıdır.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top