“Milliqramlar qədər olur məhsulun tərkibində...” — Qidaların tərkibi doğru qeyd olunmur

GÜNDƏM 30 oktyabr 2024, 19:08
Marketlərdə satılan demək olar ki, bütün məhsulların üzərində tərkibi yazılır. Məhsul seçərkən tərkibinə baxırıq. Tərkibində zərərli qatqılar, qida əlavələri olan məhsulları, adətən, almaqdan imtina edirikş Maraqlıdır, məhsulların üzərində yazılanla həqiqi tərkibi eynidirmi? İstehlakçıların aldadılması ehtimalı varmı? Azərbaycana xaricdən bir çox növdə paketlənmiş qida məhsulu idxal olunur, bir sıra məhsullar isə ölkə daxilində paketlənir. Yerli və xarici məhsulların tərkibinin üzərində yazılanla uyğunluğu yoxlanılırmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, bütün dünyada bu məsələdə problemlər var:

“Bütün dünyada istehsalçılar çalışırlar ki, məhsullarını uzunömürlü etsinlər. Ona görə də mümkün qədər məhsulun tərkibinə qida əlavələri qarışdırılır. Bunlar milliqramlar qədər olur malın tərkibində, bunu heç ekspertiza da ayırd edı bilmir. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar, aidiyyəti dövlət qurumları, qida institutları daim bu problemlə mübarizə aparır. 
Bu yaxınlarda AQTA suların monitorinqini apardı və məlum oldu ki, bir neçə marka su üzərində yazıldığı mənbədən əldə olunmur. Saqqız kimi kiçik məhsulların tərkibində olanlar o qədər kiçik hərflərlə yazılır ki, heç oxumaq mümkün olmur”. 

Ekspert qeyd edib ki, qidanın istehlakçı üçün məlumat standartı yoxdur ümumiyyətlə Azərbaycanda:

“Qidanın tərkibini kim necə gəldi yazır – xırda hərflərlə, parlaq kağızın üzərində - ki, oxumaq mümkün olmasın. 
İrandan gələn mallarla bağlı böyük problem yaşanır. İllər boyu bu malların Azərbaycan dilində markalanması olmayıb. Heç istehsal, son istifadə tarixi qeyd olunmur. Qanunvericilik isə qidanın paketlənməsinin dövlət dilində olmasını tələb edir. Bitki yağı yazılır, amma bilinmir ki, bu nə yağıdır. Yunanıstandan gələn böyük həcmdə qablarda zeytun yağı satılır, tərkibi isə böyük faizdə bitki yağlarından ibarətdir. 

Bu kimi məsələlər təəssüf ki, qabardılmır. Qida mütəxəssisləri olsa da, çoxunun biznes qurumları ilə əlaqələri olduğu üçün susurlar. Müstəqil media, qida təşkilatları tərəfindən bu məsələlər işıqlandırılmalıdır. Nöqsanlar gördükdə vətəndaşlar AQTA-nın qaynat xəttinə zəng vurmalıdırlar”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 oktyabr 2024, 19:20
Top