"Qərəzsiz mətbuat orqanı başqa ölkələrlə bağlı iddiaları araşdırar, həqiqi faktları ictimailəşdirər" — ŞƏRH

GÜNDƏM 30 oktyabr 2024, 18:30
"Amazon"-un sahibi Ceff Bezos "Vaşinqton Post" qəzetinə verdiyi açıqlama ilə Azərbaycanın siyasi gündəminə gəlib. Onun qərəzli çıxışları həm özünü, həm də qəzeti kölgədə buraxıb. Böyük bir kütləyə xitab edən qəzetin və şəxsin qərəzli çıxışları əlbəttə, sadəcə onların marağına qulluq edə bilməz. 

Məsələ ilə bağlı politoloq Aydın Quliyev Demokrat.az-a danışıb: 

"Vaşinqton Post" qəzetinin Azərbaycana və digər ölkələrə qarşı media etikasından və obyektivlikdən uzaq, qərəzli materiallara yer verməsi təsadüfi deyil. Burda bir qanunauyğunluq var. Bu da o deməkdir ki, media orqanlarının mütləq şəkildə azad olmasından söhbət gedə bilməz. Bu cür media orqanları ölkənin hansısa siyasi dairələrinin təsiri altında olurlar"

Politoloq yaxın  günlərdə baş verən hadisəyə də toxunub:

 "Vaşinqton Post" qəzeti prezident seçkilərində Kamala Harrisi müdafiə etməyəcəyini dedikdən sonra qəzetin iki yüz mindən çox oxucusu abunəlikdən imtina edib. Bu qəzetin müstəqil olmadığını bir daha sübut edir. Eyni zamanda Amerikada media orqanlarının tam azad olmasını deməyə əsas vermir. Doğurdan da dövlət medianın azad olmasında maraqlı olsaydı, "Vaşinqton Post" qəzetinin oxucularının abunəlikdən imtina etməsinə imkan verməzdi".

Politoloq bildirib ki, bütün bunlardan sonra demək olar ki, həm dövlət medianın azad olmasında maraqlı deyil, həm də media orqanları xidmət etdikləri dairənin mənafelərini hər şeydən üstün tuturlar:

"Ona görə də qəzetin Azərbaycanla bağlı qərəzli çıxışını müəyyən siyasi dairələrin təsiri ilə izah etmək lazımdır. Qərəzsiz mətbuat orqanı başqa ölkələrlə bağlı iddiaları araşdırar, həqiqi faktları ictimailəşdirər. Qəzetin təsiri altında olduğu siyasi dairələr müxtəlif səbəblərdən  Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutmağı dəsti-xəttə çeviriblər. Bu da özünü qəzetin səhifələrində göstərir".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 oktyabr 2024, 19:20
Top