"Sülh sazişi Ermənistanın düşdüyü bataqlıqdan çıxması üçün yeganə imkandır — Politoloq

GÜNDƏM 30 oktyabr 2024, 17:58
İrəvan və Bakı sülh sazişi layihəsinin qalan bəndlərini də razılaşdıra bilərlər. Bu barədə hökumətin aparat rəhbəri Araik Arutyunyan parlamentdə keçirilən brifinqdə bildirib. O, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin təmaslarının bu baxımdan faydalı olduğunu deyib: “Biz hələ razılaşdırılmamış bəndlərin razılaşdırılması imkanını görürük", - deyə A.Arutyunyan vurğulayıb.

Məsələyə münasibət bildirən politoloq Rəşad Bayramov qeyd edib ki, Ermənistan rəsmilərinin açıqlamaları ilə real addımları və tutduqları mövqe bir-biri ilə tərs mütənasibdir:

“Belə mənzərə yaranır ki, Paşinyan hökumətinin sülh sazişi ilə bağlı verdiyi açıqlamalar sadəcə beynəlxalq ictimaiyyətdə özlərini sülhpərvər kimi qələmə vermək məqsədi daşıyır. Göstərmək istəyirlər ki, guya sülhü istəyən tərəf onlar, mane olan isə Azərbaycandır. Həqiqət isə ondan ibarətdir ki, sülhə mane olan yeganə amil Ermənistanın konstitusiyasıdır. Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları qaldığı halda imzalanacaq hər hansı bir sazişin heç bir faktiki əhəmiyyəti olmayacaq. Ermənistan referendum keçirməli, konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalı və sülh sazişi bundan sonra imzalanmalıdır. Amma Ermənistan buna hazır deyil, çünki müstəqil qərar qəbul etmək əzmində deyil. Bunun qarşısını kəsən onun havadarları, ilk növbədə Fransadır. Ermənistan onların asılılığından qurtulub öz maraqlarından çıxış etməlidir. Bu o deməkdir ki, sülh sazişi imzalanmalı, kommunikasiyalar açılmalı və Ermənistan blokadadan çıxmalıdır. Sülh sazişi Ermənistanın düşdüyü bataqlıqdan çıxması üçün yeganə imkandır”.

Qeyd edək ki, oktyabrın 24-də N.Paşinyan və İ.Əliyev Kazanda BRICS sammiti çərçivəsində görüş keçiriblər. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top