İqtisadiyyat

Maaş kreditə, həyat borca... — Ekspert risk həddini açıqladı

Maaş kreditə, həyat borca... — Ekspert risk həddini açıqladı

Kredit ödənişlərinin aylıq gəlirə nisbəti borcalanın maliyyə yükünü müəyyən edən əsas göstəricilərdən biridir. Xüsusilə gəlirin böyük hissəsinin kredit ödənişlərinə yönəlməsi şəxsin digər gündəlik xərclərini qarşılamaq imkanlarını məhdudlaşdıra və maliyyə risklərini artıra bilər.

Bəs kredit ödənişi maaşın neçə faizini keçdikdə artıq riskli hesab olunur? Bankın kredit verməsi müştərinin həmin borcu rahat ödəyə biləcəyi anlamına gəlirmi? Eyni anda bir neçə kredit götürmək hansı maliyyə risklərinə səbəb ola bilər?

Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, əvvəlki illərdə, yəni Mərkəzi Bankın DTI əmsalını, gəlirlərin borclara nisbəti əmsalını tətbiq etməmişdən əvvəl banklar öz satış strategiyası və risk meyarları çərçivəsində kredit məbləğlərini müəyyən edirdilər.

Onun sözlərinə görə, bəzi hallarda kreditlərin aylıq ödənişlərinin məbləği maaşın 80, hətta 85 faizi həcminə qədər gəlib çıxırdı ki, bu da sonradan ciddi narahatlıqlar və narazılıqlar yaradırdı:

“Çünki kredit ödənilə bilmirdi, şəxsin digər xərcləri meydana çıxırdı, öhdəliklərini tam və yaxud da vaxtında ödəyə bilmirdi.

Ona görə Mərkəzi Bank bir neçə il bundan əvvəl istehlak kreditlərində 45 faizlik bir əmsal qaydasını tətbiq etdi. Bu nədir? Yəni şəxsin bütün istehlak kreditləri üzrə, bütün banklarda olan istehlak kreditləri üzrə, hətta BOKT-larda da olan kredit məbləğlərinin aylıq ödənişinin həcmi əməkhaqqının 45 faizini keçməməlidir. Yəni 1000 manat əməkhaqqı alan şəxsin bütün banklar və BOKT-larda olan istehlak kreditləri üzrə, həmçinin kredit kartları üzrə aylıq ödənişlərinin cəmi 450 manatdan, yəni 1000 manatın 45 faizi olan 450 manatdan keçməməlidir.

Bu tələbin irəli sürülməsi və əmsalın tətbiq olunması bazarda tənzimləyici tələb olduğuna görə kreditlərin lazımi təhlil aparılmadan və ya yalnız aylıq rəsmi gəlirlər nəzərə alınmaqla verilməsinin qarşısını almağa, kreditləşmənin sağlamlaşdırılmasına, portfelin daha effektiv olmasına və problemli kreditlərin daha uzun müddətdən sonra yaranmasına bir növ yardım etmiş oldu.

Yəni əvvəlki kimi şəxs krediti götürürdü, növbəti aydan ödənişlərdə çətinliklər çəkməyə başlayırdı. Hətta ortada bir statistik göstərici də var idi ki, problemli kreditlər adətən 3-cü, 4-cü aylardan etibarən baş qaldırırdı. Kredit verildikdən, ödənişlərin 3-cü, 4-cü ayından etibarən problemli kreditlər yaranmağa başlayırdısa, indi ciddi nizamlayıcı tədbirlər sayəsində bu müddət nisbətən uzanmışdır. Yəni problemli kreditlər nisbətən daha sonrakı aylarda yarana bilir.

Ümumilikdə belə bir tənzimləyici tələbin olması bir növ bazarın tələbi idi ki, kreditlər və gəlirlər üzrə tənzimləmələr aparılmalı idi və şəxslərin digər xərcləri də nəzərə alınmaqla bankların həm satış strategiyasında, həm də risk meyarlarında bu göstəricilər nəzərə alınmaqla kredit məbləğləri təyin olunmalı idi”.

Ekspert əlavə edib ki, ipoteka kreditlərində bu rəqəm 70 faiz olsa da, istehlak kreditlərində bu rəqəm 45 faiz təşkil edir və borcalanların gözlənilməyən, planlaşdırılmayan xərclərlə üzləşməsi zamanı kredit ödənişlərini həyata keçirmək imkanlarının qorunmasına xidmət edir:

“Yəni daha doğrusu, kredit ödənişlərini gecikmə hallarından qoruyur, kreditlərin normal ödənilməsinə şərait yaradır.

Bu, eyni zamanda risklərin müəyyən dərəcədə sığortalanması kimi də dəyərləndirilə bilər. Yəni banklar artıq əvvəlki kimi 80-85 faiz deyil, əməkhaqqının 45 faizə qədər olan hissəsi həcmində aylıq yüklənmə tətbiq edirlər ki, şəxs krediti normal ödəyə bilsin.

Bəzi hallarda görürsən ki, məsələn, şəxsin artıq 45 faizlik normanı ödəyən kreditləri var və digər banklara yaxınlaşır, kredit götürmək istəyir. Bu zaman qaydaların şərtlərinə əsasən kredit ala bilmir. Bu, müəyyən dərəcədə həm müştərilər, həm də banklar tərəfindən narazılıqla qarşılansa da, sağlam kredit ödənişlərinin təşviqində mühüm rol oynadığına görə bu qaydaların, yəni bazarın bu qaydalarla tənzimlənməsi günümüzdə mühüm addımlardan biri sayıla bilər. Əhalinin borclanmasının, borc yükünün artmasının qarşısının alınması baxımından bu, müsbət qərar kimi dəyərləndirilə bilər”.

Emin Kərimov əlavə edib ki, bir neçə krediti eyni anda götürmək, əgər şəxsin gəlirləri buna imkan verirsə, riskli sayılmaya bilər. Amma şəxsin gəliri buna imkan verməlidir. Əgər şəxsin, deyək ki, 2000 və ya 3000 manat gəliri varsa, əməkhaqqının 30-35 faizinə qədərini təşkil edən, məsələn, ümumi məbləği 1000 manat olan 3 və ya 4 krediti varsa, yəni bu kreditlərin ödənişi əməkhaqqının üçdə bir hissəsini təşkil edirsə və şəxs onları rahatlıqla ödəyə bilirsə, bu kredit öhdəlikləri şəxs üçün və yaxud da onun əməkhaqqı və gəlirləri üçün risk yaratmır.

Amma şəxs, deyək ki, 500 manat əməkhaqqı alırsa və 500 manatın 45 faizi həcmində artıq kreditlər götürübsə, bu, nisbətən riskli sayıla bilər. Çünki şəxsin həyatında hər hansı bir gözlənilməyən xərc və yaxud da hadisə baş verərsə və kreditin ödənişinə yönəldilən vəsaitlər həmin problemin həllinə yönəldilərsə, əlbəttə ki, bu, ciddi risklər yaradır və şəxsin 2 və ya 3 bank qarşısında kredit öhdəliyinin yaranmasına səbəb ola bilər.

Bildiyimiz kimi, gecikməyə düşən kreditlərə cərimələr və dəbbə faizləri hesablanır və bu da borcun, yumşaq desək, böyüməsinə gətirib çıxarır. Şəxs onsuz da aylıq ödənişini ödəyə bilmir, bir tərəfdən də cərimələrin hesablanması və borcun böyüməsi yükün daha da artmasına və ödənişlərdə çətinliyin yaranmasına səbəb ola bilər.

Yəni şəxslər kredit götürərkən öz ödəniş mənbələrini, ödəniş imkanlarını birinci növbədə düzgün təhlil etməlidirlər. Burada təkcə bankı günahlandırmaq, deyək ki, “Bank kredit verir, mən götürmüşəm, verməyəydi” demək düzgün yanaşma deyil. Çünki bəzi müştəri seqmentlərində belə bir anlayış var ki, “Hə, getdim banka, mənə vəsaiti verdilər, onda düşünərdiniz, verməyəydiniz, təhlil aparardınız”. Bu yanaşma düzgün deyil.

Çünki siz banka yaxınlaşırsınız, müraciət ərizəsi doldurursunuz, anket məlumatlarınızı verirsiniz, bank da təhlil edib, əgər uyğun gəlirsə, yəni 45 faizlik əmsalı keçmirsə, kredit məbləği təyin edir. Amma siz, deyək ki, müəyyən bir vaxtdan sonra gedib digər bankdan da kredit götürürsünüz, yəni bu əmsalın qorunması şərtilə kredit götürürsünüz və nəticə etibarilə ödənişlərdə çətinlik çəkirsiniz. Müəyyən bir dövrdən sonra ya kreditlərin heç birinin ödənişini həyata keçirmirsiniz, ya birini ödəyib, digərini gecikməyə salırsınız. Nəticə etibarilə bankı günahlandırırsınız ki, “Gərək təhlil aparardınız, verməzdiniz”.

Amma əslində burada şəxs ilk növbədə özü təhlil aparmalıdır. Daha doğrusu, sonradan günahkar axtarmamaq üçün şəxs birinci növbədə özü götür-qoy etməlidir ki, bu borcu haradan ödəyəcəyəm, necə ödəyəcəyəm, hansı mənbələrdən ödəyəcəyəm? Birdən hər hansı bir xərcim çıxsa, iş yerim bağlansa, əməkhaqqım azalsa, bu məbləğləri hansı mənbələrdən ödəyə biləcəyəm? Ailə mənə kömək edə biləcəkmi və yaxud digər qohumlarım mənə dəstək ola biləcəklərmi?

İnsan birinci növbədə özü götür-qoy etməli, ödəniş imkanlarını və mənbələrini müəyyən etdikdən sonra banka müraciət etməlidir.

Yumşaq desək, bankın fəaliyyəti kreditləri, bank məhsullarını və bank xidmətlərini təqdim edərək gəlir əldə etməkdir. Sözsüz ki, burada da tənzimləyici tələblər var. Amma bir çox hallarda görürsən ki, şəxs düşünmədən, lazım olmadan kredit götürməyə meyllənir, bir növ borcla borcu bağlayır ki, nəticə etibarilə də sonda problemlərlə üzləşir.

İlk növbədə şəxs özü də təhlil aparmalı və bu borcun, bu kreditin ona lazım olub-olmaması barədə düşünməlidir. Ödəniş mənbələrini, dediyimiz kimi, təhlil etməli və müəyyən etməlidir ki, daha effektiv və daha lazımlı kreditlərə meyllənməlidir. Yəni boş yerə borcu borcla bağlamaqla, borcu uzatmaqla özünü, belə deyək, borc quyusuna atmamalıdır”, - deyə Emin Kərimov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az