İqtisadiyyat

Dövlət müəssisələrində yeni strategiya — Rəqəmlər artır

Dövlət müəssisələrində yeni strategiya — Rəqəmlər artır

Maliyyə Nazirliyinin məlumatına görə, 2027-ci ildə dövlət müəssisələrinin dividend öhdəliyinin 42,5 faiz artırılaraq 855 milyon manata çatdırılması gözlənilir. Bu artımın səbəbləri və dövlət müəssisələrinin maliyyə dayanıqlılığına mümkün təsirləri maraq doğurur.

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, dövlət müəssisələrinin dividend öhdəliklərinin artmasının əsas səbəblərindən biri onların maliyyə vəziyyətinin yaxşılaşması və zərərdən gəlirli fəaliyyətə keçməsi ilə bağlı ola bilər.

Dövlət müəssisələrində yeni strategiya — Rəqəmlər artır

Onun sözlərinə görə, dövlət müəssisələrinin uzun illər ərzində zərərlə fəaliyyət göstərməsi davamlı hal kimi qiymətləndirilə bilməz:

“Bu müəssisələrin gəlirliliyinin artırılması nəticə etibarilə dövlət büdcəsinə ödədikləri dividendlərin də yüksəlməsinə səbəb ola bilər.

Son dövrlərdə bir sıra dövlət müəssisələrinin artıq zərərlə deyil, gəlirlə fəaliyyət göstərməsi ilə bağlı məlumatlar açıqlanıb. Bu baxımdan 2027-ci ildə dividend öhdəliyinin 42,5 faiz artaraq 855 milyon manata çatmasının müəssisələrin maliyyə göstəricilərindəki dəyişikliklərlə əlaqəli olması mümkündür.

Dövlət müəssisələri uzun illər ərzində bir çox hallarda səmərəli fəaliyyət göstərə bilmirlər. Onların gəlirləri və ümumi fəaliyyət göstəriciləri qənaətbəxş səviyyədə olmur.

Lakin son vaxtlar bu müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması, gəlirlərin artırılması və xərclərin optimallaşdırılması istiqamətində müəyyən addımlar atılıb.

Güman ki, gələn il dividend öhdəliklərində gözlənilən artım da məhz bu proseslə əlaqəlidir”, - deyə ekspert bildirib.

Nuray Paşşanlı

D
demokrat.az