Bank əmanətləri vətəndaşların yığımlarını qorumaq və müəyyən gəlir əldə etmək üçün istifadə etdiyi əsas maliyyə alətlərindən biridir. Lakin inflyasiya, faiz dərəcələri və digər amillər əmanətin real gəlirliliyinə təsir göstərə bilər.
Bəs bank əmanəti həqiqətən real gəlir gətirən maliyyə alətidir, yoxsa əsas məqsədi yığımları inflyasiyanın təsirindən qorumaqdır? Əmanətin sərfəli olub-olmadığını müəyyən edən əsas amillər hansılardır?
Demokrat.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, bank əmanətlərində, yəni əhalinin və ya özəl sektorun vəsaitlərini banka yerləşdirməsində başlıca məqsəd gəlir əldə etməkdir.
Onun sözlərinə görə, hansı bank daha yüksək faiz təklif edirsə, insanlar da həmin banklara daha çox meyl edirlər:
“Amma burada əsas amillər ondan ibarətdir ki, insanlar əmanətlərini daha peşəkar və dayanıqlı banklarda yerləşdirməyə üstünlük verirlər. Müştərilər yüksək xidmət göstərən, şəffaf fəaliyyət göstərən banklara daha çox üstünlük verirlər.
Dünyada müxtəlif ölkələrdə əmanət faizləri fərqlidir. Məsələn, Azərbaycanda orta hesabla 10-12, yəni maksimum gəlir gətirən əmanət faizləri olur.
İnkişaf etmiş ölkələrdə isə bu göstərici 3-4 faiz ola bilər. Təbii ki, əmanətlərdən əldə olunan gəlirə ölkədə mövcud olan faiz dərəcələri də təsir göstərir.
Faiz dərəcələri ilə yanaşı, inflyasiya da əldə olunan son gəlirin alıcılıq qabiliyyətinə təsir göstərir.
Bununla yanaşı, əmanətlərin yerləşdirilməsi və təşviqi ilə bağlı dövlət siyasətinin də rolu var.
Bu gün Azərbaycanda 100 min manata qədər əmanətlər qorunduğuna görə, müxtəlif banklarda bu məbləğə qədər əmanət yerləşdirilməsi müştərilər tərəfindən daha sərfəli görünür”, – deyə Ruslan Atakişiyev fikrini tamamlayıb.

