Bir sıra ölkələrdə bəzi iş yerlərində əməkdaşların iş zamanı davranışlarını izləyən süni intellekt əsaslı kameralar tətbiq olunur. Bu sistemlər işçinin neçə dəqiqə işlədiyini, nə qədər fasilə verdiyini, hətta çay və ya kofe içmək üçün nə qədər vaxt sərf etdiyini belə qeydə ala bilir.
İnsan resursları üzrə menecer Röyal Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bir sıra ölkələrdə işçilərin iş zamanı davranışlarını süni intellekt əsaslı kameralar və digər texnologiyalar vasitəsilə izləyən sistemlər tətbiq olunur:

"Bu sistemlər yalnız təhlükəsizliyə nəzarət etməklə kifayətlənmir, işçinin iş yerində keçirdiyi vaxtı, fasilələrinin müddətini və digər davranışlarını da analiz edə bilir. Məncə, burada əsas məsələ texnologiyanın özündən daha çox onun hansı məqsədlə və hansı sərhədlər daxilində tətbiq edilməsidir. İşəgötürənin iş prosesinə və əmək intizamına nəzarət etmək hüququ var. Azərbaycan Əmək Məcəlləsində də işçinin əmək funksiyasını vicdanla yerinə yetirməsi və daxili intizam qaydalarına əməl etməsi əsas vəzifələr sırasında göstərilir. Lakin nəzarət mexanizmi işçinin şəxsi həyatının və fərdi məlumatlarının qorunması ilə balanslaşdırılmalıdır. Məsələn, işçinin iş vaxtında nə qədər fasilə verdiyinin ölçülməsi ilə onun şəxsi həyatına aid məlumatların toplanması eyni məsələ deyil. Toplanan məlumatın məqsədi, həcmi, saxlanma müddəti və kimlərin həmin məlumatlara çıxışının olması ciddi əhəmiyyət daşıyır. Azərbaycan qanunvericiliyində şəxsi həyatın toxunulmazlığı qorunur və fərdi məlumatların digər şəxslərə ötürülməsi də qanunvericiliklə tənzimlənir. Əmək Məcəlləsində də işçinin əmək fəaliyyəti barədə məlumatların digər şəxslərə ötürülməsinin "Fərdi məlumatlar haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlarla tənzimləndiyi göstərilir".
Mütəxəssis əlavə edib ki, əgər belə texnologiya Azərbaycanda geniş tətbiq olunmağa başlasa, məncə, ilk növbədə işçilər açıq şəkildə məlumatlandırılmalıdırlar ki, iş yerində video və ya süni intellekt əsaslı monitorinq həyata keçirilir, hansı məlumatlar toplanır və bu məlumatlardan hansı məqsədlə istifadə olunur:
"İşçinin sadəcə "kamera var" faktından xəbərdar olması kifayət deyil; nəzarətin sərhədləri də aydın olmalıdır. Digər mühüm məsələ isə süni intellektin verdiyi nəticələrin avtomatik olaraq işçi haqqında yekun qərara çevrilməməsidir. Məsələn, sistem işçinin müəyyən müddət kompüter qarşısında olmadığını müəyyən edə bilər. Amma bu, həmin şəxsin işləmədiyi anlamına gəlmir. İşçi telefon danışığında, iclasda, sənədlərlə işləyərkən və ya işinin xarakterinə uyğun başqa fəaliyyətdə ola bilər. Ona görə də belə sistemlərdən istifadə ediləcəksə, süni intellekt insan nəzarətini tam əvəz edən mexanizm deyil, idarəetməyə kömək edən vasitə kimi nəzərdən keçirilməlidir. Əsas prinsip "işçini nə qədər çox izləyirik, bir o qədər məhsuldardır" yanaşması olmamalıdır. Əsas məqsəd işin nəticəsini, keyfiyyətini və əmək intizamını düzgün qiymətləndirmək olmalıdır. Texnologiya işəgötürənə nəzarət imkanı verə bilər, amma bu nəzarət işçinin hüquqları və şəxsi həyatının toxunulmazlığı ilə balansda olmalıdır".

