Uşağın böyüdülməsi ailələr üçün yalnız mənəvi deyil, həm də ciddi maliyyə məsuliyyəti yaradır. Xüsusilə özəl bağça və məktəb xərcləri, qidalanma, geyim, səhiyyə və digər gündəlik ehtiyaclar ailə büdcəsində əhəmiyyətli paya çevrilə bilər.
Bəs bir uşağın doğulduğu gündən 18 yaşına qədər ailəyə yaratdığı ümumi maliyyə yükünü hesablamaq mümkündürmü? Bu məbləğ ailənin gəlir səviyyəsinə və uşağın təhsil aldığı müəssisəyə görə nə qədər dəyişir?
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, özəl bağça və məktəb lüks deyil, əlavə seçimdir.

Onun sözlərinə görə, ümumilikdə 2500 manata qədər gəlir əldə edən şəxslər əməkhaqqından dövlətə müxtəlif icbari ödənişlər həyata keçirirlər:
"DSMF, tibbi sığorta, işsizlik fondu və vergi ödənişləri var. Bunların ümumi məbləği 19,5 faiz olacaq. Yəni təqribən gəlirinizin beşdə birini dövlətə ödəyirsiniz. Bunu ona görə edirsiniz ki, dövlət orta təhsili pulsuz təmin etsin, bağçaları da mümkün qədər əlçatan etsin.
Amma özəl olmalıdırmı? Bəli, olmalıdır. Özəl əlavə seçimdir. Misal üçün, istəyirsən ki, uşağın ingilis dilini yaxşı öyrənsin, yaxud 4 saat əvəzinə 8 saat məşğul olsun. Uşağa gündə iki dəfə yemək verilsin, əlavə fərdi yanaşma göstərilsin, kommunikasiya imkanları yaradılsın. Bunlar artıq özəl təhsilin üstünlükləridir, komfortdur, lüksdür.
İşləyən ata və ananın vaxt imkanları məhdud olur. Bundan əlavə, qohumlar da əvvəlki kimi bir-birinə dəstək göstərə bilmirlər. İnsanlar artıq daha çox ayrı yaşayırlar. Bu da ailələrin özəl xidmətlərə, komforta və əlavə imkanlara ehtiyacını artırır. Bunlar ailələr üçün əlavə seçim və üstünlüklərdir.
Hökumət, təbii ki, özəl təhsili qadağan edə bilməz. Əksinə, özəl sektor genişləndirilməlidir. Amma eyni zamanda dövlət tərəfindən verilən təhsilin, o cümlədən bağça və orta məktəblərdə təhsilin keyfiyyəti çox yaxşı olmalıdır. Əgər dövlət təhsilinin keyfiyyətində problem varsa, biz bunun üzərində dayanmalıyıq. Niyə dövlət tərəfindən verilən təhsil keyfiyyətsizdir və valideyn əlavə lüks və komfort üçün deyil, məcburiyyətdən özəl təhsil müəssisəsinə üz tutur?
Yəni dövlət təhsili baza standartlarına cavab vermirsə, biz bunun üzərində dayanmalı və araşdırmalıyıq. Yoxsa kim istəyirsə, övladını 500 min manatlıq məktəbə, kim istəyirsə, 5 min manatlıq məktəbə qoysun. Bu, artıq şəxsi seçimdir", – deyə Xalid Kərimli fikrini tamamlayıb.

