Cəmiyyət

Qanunsuz silah saxlamaq hansı halda cinayət sayılır?

Qanunsuz silah saxlamaq hansı halda cinayət sayılır?

Qanunsuz silah saxlama halları şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Bu zaman silahın növü, onun qanuni əsaslarla əldə edilib-edilməməsi, qeydiyyatda olub-olmaması və şəxsin silahı könüllü şəkildə təhvil verib-verməməsi kimi hallar əhəmiyyət daşıyır.

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, müvafiq icazə olmadan odlu silahın, onun komplekt hissələrinin, müəyyən döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, başqasına verilməsi, saxlanılması, daşınması və ya gəzdirməsi cinayət məsuliyyəti yaradır.

Onun sözlərinə görə, bu əməllərə görə iki ilədək islah işləri, iki ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur:

"Əməlin qabaqcadan əlbir olan qrup və ya mütəşəkkil dəstə tərəfindən, təkrar və ya qulluq mövqeyindən istifadə edilməklə törədilməsi CM-in 228.2-ci maddəsi ilə tövsif edilir və üç ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Silahın qeydiyyatda olması məsələsində əsas əhəmiyyət daşıyan hal təkcə onun qeydiyyatda olub-olmaması deyil, konkret şəxsin həmin silahı saxlamaq və gəzdirmək üçün qüvvədə olan qanuni icazəsinin olub-olmamasıdır.

Bununla yanaşı, Ali Məhkəmə Plenumu xüsusi olaraq izah edir ki, odlu silahın qeyd etdirilməsi və ya yenidən qeyd etdirilməsi üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra onun saxlanılması, gəzdirilməsi və daşınması müəyyən hallarda CM-in 228-ci maddəsinin tərkibini yaratmır.

Könüllü təhvil vermə isə mühüm istisnadır. CM-in 228-ci maddəsinin qeyd hissəsinə əsasən, şəxs silahı könüllü şəkildə təhvil verərsə və onun əməlində başqa cinayət tərkibi olmazsa, cinayət məsuliyyətindən azad edilir.

Ali Məhkəmənin izahına görə, könüllü təhvil vermə silahın aidiyyəti orqana təqdim edilməsini və ya onun saxlanıldığı yer barədə məlumat verilməsini də əhatə edir.

Bu baxımdan, silah hüquq-mühafizə orqanı tərəfindən artıq aşkar edildikdən və götürüldükdən sonra şəxsin onu "təhvil verməsi" ilə əvvəlcədən öz təşəbbüsü ilə silahı təhvil verməsi eyni hüquqi qiymətləndirilmir. Könüllülük konkret işin faktiki hallarına əsasən müəyyən edilməlidir.

Nəticə etibarilə, müvafiq icazə olmadan odlu silahın qanunsuz saxlanılması, ümumi qayda olaraq, CM-in 228.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaradır. Lakin silahın könüllü təhvil verilməsi və başqa cinayət tərkibinin olmaması halında şəxs CM-in 228-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilir.

Silahın qeydiyyatda olması isə ayrıca olaraq qeydiyyatın hansı şəxsə aid olması və şəxsin qanuni icazəsinin mövcudluğu ilə birlikdə qiymətləndirilməlidir", – deyə Elnur Məmmədov fikrini tamamlayıb.

Nuray Paşşanlı

BU
Bəxtiyar Umarlı
Redaktor