Vakansiyalarda əməkhaqqının göstərilməməsi iş axtaran şəxslərin iş şərtləri barədə əvvəlcədən tam məlumat əldə etməsini çətinləşdirir. Bu hal həm işəgötürənlə işçi arasında gözləntilərin fərqlənməsinə, həm də əmək bazarında maaşlarla bağlı məlumat çatışmazlığına səbəb ola bilər.
Demokrat.az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib ki, vakansiyalarda əməkhaqqının göstərilməməsi bir sıra problemlər yaradır.

“Bu isə əmək bazarında məlumat çatışmazlığı yaradır, işçi ilə işəgötürən arasında etimadın sarsılmasına səbəb olur.
Əməkhaqqının gizli saxlanılması həm də eyni vəzifədə çalışan əməkdaşlar arasında müəyyən maaş fərqlərinin yaranmasına gətirib çıxarır. Hətta Azərbaycanda iri, özəl sektorda fəaliyyət göstərən çox böyük şirkətlərdə və holdinqlərdə bir işçinin digər işçinin əməkhaqqı haqqında məlumat əldə etməsi qadağan olunur.
Yəni eyni şirkətdə işləyən işçilərin bir-birinin əməkhaqqından xəbəri yoxdur. Əlbəttə ki, bu da şəffaflığın pozulması və sağlam rəqabət mühitinin formalaşmasına mane olur.
Bununla belə, əməkhaqqının gizli saxlanılması bəzən özəl sektorda çalışanların xeyrinə də ola bilər. Məsələn, işəgötürənlər düşünürlər ki, maaşların açıq göstərilməsi rəqib şirkətlərə əmək bazarındakı strategiyanı öyrənməyə imkan verir və əməkhaqqı xərclərinin artmasına səbəb olur
Yəni əməkhaqqı açıq şəkildə göstəriləndə şirkətlər arasında rəqabət güclənir və bu rəqabət nəticə etibarilə şirkətlərin əməkhaqqı xərclərinin artmasına səbəb ola bilər.
Amma şəffaflığın olması əmək bazarında sabitliyin və inkişafın əsas təminatlarından biridir. Çünki biz bunun Avropanın bir sıra ölkələrinin əmək bazarında açıq nümunələrini görürük. Bir sıra Avropa ölkələrində əməkhaqqı göstəriciləri açıq şəkildə təqdim olunur.
İstər saatlıq, istərsə də aylıq əməkhaqqıları, bonuslar, mükafatlar və həvəsləndirici əlavə ödənişlər açıq şəkildə göstərilir. Bu, həm xaricdən daxili əmək bazarına işçi qüvvəsinin cəlb edilməsində müsbət rol oynayır, həm də daxili əmək bazarındakı münasibətlərdə şəffaflığın formalaşmasına gətirib çıxarır.
Bir qədər təəccüblü görünsə də, bu, təhsil sisteminə də müsbət təsir göstərən amildir. Çünki şəffaf və sabit əməkhaqqı mexanizmi, əmək bazarında şəffaflığın təmin edilməsi və əməkhaqqının sabit xalis məbləğlə göstərilməsi, ixtisaslar üzrə bazardakı gəlir səviyyələrinin açıq şəkildə təqdim olunması həm peşə, həm də ali təhsil alan və gələcəkdə iş axtaracaq şəxslərin hədəflərini müəyyən etməsində vacib rol oynayır”.
Ekspert əlavə edib ki, bu gün, məsələn, bir ixtisas üzrə təhsil alan tələbə iki ildən sonra, ali təhsilini bitirdikdə əmək bazarında maaşının nə qədər olacağını müəyyən edə bilir:
“Ən azından bunu təxmin edə bilir. Amma bu gün Azərbaycanda şəffaflığın olmaması nəticə etibarilə ali təhsil sisteminə də mənfi təsir göstərir.
Ali təhsil alan tələbələr, məsələn, baytarlıq, kompüter mühəndisliyi, mühasibatlıq, maliyyə və ya idarəetmə ixtisaslarında təhsil alan tələbələr iki-üç ildən sonra əmək bazarında nə qədər əməkhaqqı alacaqlarını, xalis məbləği konkret olaraq bilmirlər.
Ona görə də tələbələrin hətta universitetə daxil olarkən ixtisas seçimində tərəddüd və qeyri-müəyyənlik yaşaması, düzgün strategiya qura bilməməsi onların hədəflərinin formalaşmasına mənfi təsir göstərir.
Bütün bunlar nəzərə alındıqda, əmək bazarında şəffaflığın təmin edilməsi mütləq vacibdir. Bu, həm ali və peşə təhsilinin inkişafı baxımından, həm də bazarda sağlam rəqabətin formalaşması baxımından vacib şərtdir.
Təəssüf ki, Azərbaycanda bu istiqamətdə lazımi səviyyədə tədbirlər həyata keçirilmir. Bunun üçün hesab edirəm ki, müvafiq qanunvericilik tədbirləri görülməli, müvafiq mexanizmlər hazırlanmalı və tətbiq edilməlidir ki, bazar tamamilə şəffaflaşsın və əmək bazarında gələcək karyerasını planlaşdıran gənc işaxtaranlar üçün daha aydın mənzərənin yaranmasına şərait yaransın”, – deyə Razi Abbasbəyli fikrini tamamlayıb.

