Xırdalanda dava: tanışını bıçaqladı

KRİMİNAL 10 oktyabr 2024, 10:48
Abşeron rayonu, Xırdalan şəhərində 2002-ci il təvəllüdlü Coşqun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Zeynala xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev parkında baş verib. Coşqun orada Zeynal ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edərkən yaranmış anlaşılmazlığı aydınlaşdırmaq məqsədi ilə sonuncunu Abşeron rayonu, Xırdalan şəhəri,"Qalubiyyə" küçəsində parkla üzbəüz yerləşən 42a nömrəli binanının arxa tərəfinə dəvət edib. Orada davam edən mübahisə zamanı Zeynalın onun ünvanına söyüş söydüyünə görə əvvəlcə yumruqla sifətinə, sonra isə Zeynalın əlində bıçaq olduğunu güman edərək üzərində olan bıçaqla qəsdən sağ döş qəfəsinə bir dəfə, sol bel nahiyəsinə isə iki dəfə vurub. 

Hadisəni törədən Coşqunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Coşqun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zeynalı tanısa da, şəxsi münasibətləri olmayıb, əvvəllər heç bir ədavət və düşmənçilikləri olmayıb: “Hadisə günü, saat 21 radələrində gəzişmək məqsədilə Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” parkına getdim. Orada gəzişən zaman parkda yerləşən muzeyin sağ tərəfində üzdən tanıdığım, lakin adlarını bilmədiyim bir neçə nəfər şəxslə gəzişərkən onlardan biri Zeynalı göstərdi, Zeynalın mənə baxdığını dedi. Mən “Zeynal, sənsən" deyərək səsləndim. Zeynalın da “Coşqun" dediyini eşitdim. Həmin vaxt Zeynal məndən təxminən beş-altı metr kənarda oturacaqda əyləşmişdi. Bir qədər sonra Zeynal oturduğu yerdən qalxaraq yanıma gəldi. Mənim yanıma çatdıqda salamlaşmaq məqsədilə əlini mənə tərəf uzatdı. Həmin vaxt Zeynal əlimi tutaraq özünə doğru sərt şəkildə çəkdi. Zeynal məni özünə tərəf çəkdiyi üçün onun əlim ilə  sinəsinə vuraraq itələdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Bir neçə dəqiqə mübahisə etdikdən sonra ikilikdə söhbət etmək məqsədi ilə Zeynalla birlikdə parkla üzbəüz yerləşən binanın həyətinə çəkildik. Həmin vaxt ətrafımıza bir neçə nəfər yığışsa da, mən Zeynalla birlikdə həmin şəxslərdən kənarda söhbət etdik. Söhbət zamanı Zeynal heç kimin onu itələyib alçalda bilməyəcəyini və heç kimin onunla narazı tonda danışa bilməyəcəyini dedi. Onunla narazı tonda danışan şəxsin ünvanına söyüş söydü. Zeynalın söyüşü xoşuma gəlmədiyi üçün bir dəfə sol əlim ilə, bir dəfə də sağ dirsəyim ilə onun sifət nahiyəsinə vurdum. Bu zaman Zeynal bir qədər səndələdi, lakin yıxılmadı. Zeynalın başqa bir reaksiya vermədiyini gördükdə üzümü çevirərək oradan uzaqlaşmaq istədim. Təxminən 4-5 addım oradan uzaqlaşmışdıqdan sonra Zeynal mənə qarşı təhqiramiz ifadə işlətdi. Həmin vaxt kiminsə "bıçaq" dediyini eşidərək geriyə döndüm. Zeynalın əlində bıçaq olduğunu gördüm. Zeynal əlindəki bıçaqla sağ qoluma bir dəfə vurdu. Həmin vaxt mən də özümü müdafiə etmək üçün cibimdəki bıçağı çıxararaq Zeynala bir dəfə vurdum. Daha sonra Zeynal məni vurmaq istədiyi üçün onun bədəninə əlimdəki bıçaqla bir dəfə daha vurdum. Həyəcanlı vəziyyətdə olduğum üçün Zeynalın bədəninə hansı nahiyələrdən xəsarət yetirdiyimi xatırlamıram”.

İş üzrə zərərçəkmiş Zeynalın sözlərinə görə, hadisə günü saat 21 radələrində gəzişmək məqsədilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev раrkınа gedib: “Saat təxminən 22 radələrində dostum Fərhadla birlikdə parkda yerləşən muzeyin sağ tərəfində oturub söhbət edərkən üzdən tanıdığım, lakin yaxın münasibətdə olmadığım Coşqun adlı şəxs yanında bir neçə nəfər tanımadığım şəxslərlə birlikdə onlara doğru gəldiyini görən Fərhad ondan həmin şəxsin Coşqun olub-olmadığını soruşdu. Mən gözümün yaxşı görmədiyini dedikdən bir qədər sonra Coşqunun ucadan “Zeynal, sənsən?” dediyini eşitdim. Bu vaxt Coşqun da məndən təxminən beş-altı metr kənarda dayanmışdı. Mən də “Coşqun, sənsən?" deyə soruşsam da, Coşqun cavab vermədi. Bir qədər sonra oturduğum yerdən qalxaraq Coşquna yaxınlaşdım, salam vermək məqsədilə əlimi ona tərəf uzatdım. Həmin vaxt Coşqun sağ əliylə əlimdən tutdu. Mən də tanışlığımızı nəzərə alaraq Coşqunun üzündən öpmək istədim. Lakin Coşqun bədənini arxaya doğru çəkdi. Coşqunun oradakı digər şəxslərin yanında məni pərt etmək istədiyini başa düşsəm də, heç nə demədim”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra Coşqun sol əli ilə onu çiynindən itələyib, buna görə də aralarında mübahisə baş verib: “Bir neçə dəqiqə mübahisə etdikdən sonra aramızda yaranmış mübahisəni həll etmək məqsədi ilə Coşqunla birlikdə parkla üzbəüz yerləşən binanın həyətinə çəkildik. Mübahisə edən zaman ətrafda bir neçə nəfər şəxs yığışmışdı. Lakin Coşqunla birlikdə həmin şəxslərdən bir az kənarda söhbət etdik. Həmin vaxt aramızda təxminən 15-20 metr məsafə oldu. Ara-bir tanımadığım şəxslər yanımıza yaxınlaşsa da, Coşqun onlardan kənara getmələrini tələb etdi. Mən Coşqunu sakitləşdirməyə çalışsam da, Coşqun aqressiyya göstərdi. Təxminən on dəqiqə mübahisə etdikdən sonra Coşqun ona qarşı hörmətsizlik edən şəxs barəsində nalayiq ifadələr işlətdi. Mən də Coşqunun dediyini təsdiq edərək öz növbəmdə ona qarşı hörmətsizlik edən şəxs barəsində eyni fikirdə olduğumu dedim. Bu vaxt Coşqun qəflətən sağ əli ilə sifət nahiyəmə yumruqla vurdu. Bu zaman gözlərim qaraldı. Coşqun məni yumruqla vurduqdan sonra təxminən bir neçə saniyə ərzində hərəkətsiz dayandım. Daha sonra qışqıraraq Coşquna tərəf yüyürdüm. Coşqunun yanına çatdıqda onu əlim ilə vurmaq istədim. Lakin Coşqun sağ əlində tutduğu bıçaqla bel nahiyəmə iki dəfə, sağ böyür nahiyəmə isə bir dəfə vurdu. Mən  nəfəsim daraldığı üçün yerə yıxıldım. Daha sonra dostum Fərhad və tanımadığım şəxslər məni xəstəxanaya apardı”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Coşqun 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top