“Ölkəmizdə yüzlərlə tarixi-dini abidə var ki, bu gün təyinatı üzrə fəaliyyət göstərir. Yəni, həmin tarixi-dini abidələr məscid, kilsə, sinaqoq kimi fəaliyyət göstərir və həmin tarixi-dini abidələrdə icmalarımız da var. İcmalarımız da hazırda fəaliyyətdədir”.
Demokrat.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda baş tutan konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bilirsiniz, 2026-cı il cənab Prezidentin sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib:
“Bu il çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi birlikdə “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirir. Konfransın keçirilməsində məqsəd, məhz dediyim kimi, ölkəmizdə fəaliyyət göstərən yüzlərlə tarixi-dini abidələrin qorunması, eyni zamanda onların təmiri, bərpası, bununla yanaşı, onların qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində, bərpasında, yenidən qurulmasında, onlarla bağlı həqiqətlərin, tarixi-dini abidələrimizin hər birinin özünün ayrıca bir hekayəsi var, həmin o hekayələrin hansı ki, bu gün cəmiyyətimiz üçün, dindarlarımız üçün çox önəmlidir, keçmişdən nəticə çıxarmağımız baxımından bu məsələləri müzakirə etməkdir. Tarixi-dini abidələrin qorunmasında dini icmaların, din xadimlərinin, dindarlarımızın rolunu, imkanlarını müzakirə etməkdir. Bununla bağlı fəaliyyətimizi, təbii ki, biz Mədəniyyət Nazirliyi ilə koordinasiya edirik. Bu koordinasiyanı daha da gücləndirmək… Bizim tarixi-dini abidələrimizin böyük əksəriyyəti hansı ki, dünya səviyyəli, ölkə səviyyəli və yerli əhəmiyyətli tarixi-dini abidələrdir bunların bir qismi artıq təmir olunubdur. O məscidlər, o kilsələr, o sinaqoqlar təmir olunub ki, onlar həm zəngin tarixə malikdirlər, həm də bir az öncə dediyim kimi, onların məxsusi bir özəlliyi var. Bu nöqteyi-nəzərdən mən xüsusi qeyd etmək istəyirəm Bakıdakı Təzəpir məscidini, Bibiheybət, Əjdərbəy, eyni zamanda Şamaxı Cümə məscidini, Gəncə İmamzadəsini. Bununla yanaşı, kilsələr var ki, tarixi kilsələrdir. Mən burada Alban kilsələrini xüsusi qeyd etmək istəyirəm, Rus Pravoslav kilsəsi. Eyni zamanda, kilsələrlə yanaşı, sinaqoqlar var ki, hansı ki, bu sinaqoqlar Bakı ilə yanaşı, Oğuzda, Qubada, Qırmızı Qəsəbədə fəaliyyət göstərirlər”.
Sədr müavini əlavə edib ki, qeyd etdiyim bu tarixi-dini abidələrin qorunması, eyni zamanda bərpası və bu prosesdə dini icmaların, din xadimlərinin rolu bu gün konfransımızda əsas məsələ olacaq:
“İştirakçılar da əsasən din xadimləri, dini icma üzvləri, dindarlar, eyni zamanda bu sahədə, mədəniyyət sahəsində, tarixi-dini abidələrin, ümumiyyətlə, mədəni abidələrin qorunması sahəsində mütəxəssislər yaxından iştirak edirlər. Və ümid eləyirik ki, bizim bu konfransımız, burada müzakirə edəcəyimiz məsələlər məhz Azərbaycan xalqının zəngin mədəniyyəti olan tarixi-dini abidələrimizin qorunub saxlanılmasında yeni bir mərhələnin başlanğıcı olacaq. Bu istiqamətdə xüsusilə mən qeyd etmək istəyirəm işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələrimizin bərpasını… Bilirsiniz, cənab Prezidentin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə ilk təmir olunan tarixi-dini abidələr məhz məscidlərdir. Bu da təsadüfi deyil, çünki bir az öncə qeyd etdiyim kimi, tarixi-dini abidələr ibadət evi olmaqla yanaşı, tarixi abidə olmaqla yanaşı, həm də Azərbaycan xalqının mənəvi yaddaşını, tarixi yaddaşını özündə əks etdirir. Bu tarixi-dini abidələr həm də bizim üçün, Azərbaycan xalqına xas məzhəblərarası birliyi, dinlərarası dialoqu, kulturoloji, multikultural dəyərləri təbliğ etmək baxımından da önəmlidir”.
Fidan Hacızadə

