“Bizə qarşı davam edən ideoloji təxribatlar ölkədə ciddi nəticələr meydana çıxara bilmir” — Millət vəkili

GÜNDƏM 01 oktyabr 2024, 18:55
 “VII çağırış Milli Məclisin ilk iclasında tarixi çıxışında Prezident İlham Əliyev ideoloji təhlükəsizliklə bağlı məsələləri vacib vəzifələr sırasında qeyd etdi və diqqətli davranmağımızın zəruri olduğunu bildirdi. Həqiqətən də ötən dövrün təcrübəsinə diqqət yetirsək, Qərb imperializminin ümumbəşəri dəyərlər adı altında milli kimlikləri heçə sayan və yalnız özünü beynəlxalq ictimaiyyət adlandıran bir qrup dövlətin maraqlarına xidmət edən ideoloji sistem qurmağa çalışdığının şahidi olarıq. Lakin Azərbaycan Respublikasının zamanında özünün siyasi və iqtisadi müstəqilliyini tam şəkildə bərqərar  etməsi, eyni zamanda bu prosesdə imperializmin əsas alətinə çevrilən vətəndaş cəmiyyəti institutları ilə bağlı qanunvericilik bazasının, fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, o cümlədən bu istiqamətdə maliyyə nəzarətinin gücləndirilməsi ilə ölkəmizdə Qərbin bu istiqamətdə təhdidləri demək olar ki, heçə endirildi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov bildirib ki, Vətən müharibəsi və antiterror tədbirlərində Azərbaycana qarşı əsas təhdid rıçaqlarından biri olan işğalın və separtizmin tamamilə aradan qaldırılması vəziyyəti milli maraqlarımız zəminində daha da yaxşılaşdırdı:

“Bu gün də qeyd olunan konfiqurasiya zamanın lehimizə işləməsinə səbəb olmaqdadır. Lakin, işğal, təcavüz, separatizm, o cümlədən bəzi media qurumları və vətəndaş cəmiyyəti institutlarının ələ alınması hesabına Azərbaycan üzərində təzyiq mühiti formalaşdırmaq imkanından məhrum olan Qərbin geri addım atmayacağı aydın idi. Hələ bu il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki çıxışında cənab Prezident özü də qeyd etdi ki, "biz sarsılmaz hesab olunan elə daşları təpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik, əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər səhv edir. Biz hazır olmalıyıq". Möhtərəm Prezident proqnozunda kifayət qədər haqlı idi, çünki Qərbin ideoloji təcavüzün yeni forma və metodlarına müraciət etdiyini görməkdəyik. Xüsusən maddi və digər təşviqedici üsullarla  qeyri-ənənəvi meyarların köklü şəkildə dəstəklənməsi, insan haqları, demokratiya, hüququn aliliyi adı altında beyinlərin yuyulması kosmopolit dünya görüşünün üstünlüyü barədə milli hislərin sıradan çıxarılmasına yönəli genişmiqyaslı iş aparılması bu istiqamətdə Qərbin yeni həmləsi hesab olunmalıdır”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan bu prosesdə də kifayət qədər hazırlıqlıdır:

“Cüzi bir kəsimin satılması yaxud təsir altında düşməsi istisna olmaqla bizə qarşı davam edən ideoloji təxribatlar ölkədə ciddi nəticələr meydana çıxara bilmir. Sentyabrın 23-də Prezidentin Parlamentdən də bəyan etdiyi kimi, istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Bunun səbəbi isə heç şübhəsiz ki, Azərbaycan xalqının möhkəm iradəsi və qələbələrdən doğan milli ruhun kifayət qədər güclü olmasıdır. Azərbaycan gəncliyi  artıq yaxşı başa düşür ki, ərazi bütövlüyümüzü, suverenliyimizi, o cümlədən 30 il didərgin vəziyyətində yaşayan soydaşlarımızın təməl haqlarını tanımaq istəməyən qüvvələr bu gün insan haqları, demokratiya, müasir bəşəri dəyərlər adına  fikir və idealarında səmimi ola bilməz”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top