Bakıda dəhşətli qətl: 31 yaşlı kişi gecəyarı həmcinsini öldürdü — TƏFƏRRÜAT

KRİMİNAL 16 sentyabr 2024, 13:17
Bakının Xətai rayonunda  1993-cü il təvəllüdlü Ülvi Muradzadə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü Dimitri Potapovu qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ülvi 6 avqust 2023-cü ildə, saat 4 radələrində ticarət köşkündən spirtli energetik içki alaraq içərkən həmin ticarət köşkünə spirtli energetik içki almaq üçün gəlmiş əvvəllər tanımadığı Rusiya Federasiyasının Volqoqrad vilayətində anadan olmuş Dimitri ilə dialoqa girib. 

Dimitri ona Suraxanı rayonu, Balaxanı qəsəbəsində yaşadığını deyib və orada yaşayan müxtəlif şəxslərin adlarını çəkərək, onları tanıyıb-tanımadığını soruşub. Ülvi adları çəkilən həmin şəxsləri tanımadığını deyərək söhbəti bitirməyə çalışıb. Dimitri isə əsəbiləşərək nəyə görə dediklərini ciddiyə almadığını deyib, qəflətən ona başı və əli ilə zərbələr yetirib. 

Ticarət köşkündə satıcı işləyən şəxs münaqişənin qarşısını aldıqdan sonra Ülvi işlətdiyi nalayiq ifadələrə görə Dimitri üzr istəməyə məcbur etmək məqsədi ilə yaşadığı mənzilə gedib və mətbəxdən götürdüyü məlum olmayan bıçaqla ticarət köşkünün qarşısına qayıdıb. O, Dimitri onu görərək üstünə hücum etdikdə aralarında yenidən baş verib. 

Münaqişə zamanı Ülvi saat 05:30-da Dimitriyi yerə yıxarkən onun başının ənsə nahiyəsinin yerə dəyməsi nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib. Sonra isə ona üç dəfə bıçaqla zərbə vurub. Dimitri xəstəxanada vəfat edib. 

Hadisəni törədən Ülvinin barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, atası Təzəxan və anası İlhamə ilə birlikdə yaşayır, fərdi taksi sürücüsü kimi işləyir, subaydır: “Atam təqaüdçü, anam isə evdar qadındır. 5 avqust 2023-cü ildə, gecə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyim “Saipa” markalı avtomobili yaşadığım binanın yaxınlığında saxlayaraq yaşadığım mənzilə gəldim. Ata və anam, bacımın yaşadığı evə getdikləri üçün mənzildə heç kim olmayıb. Mənzildə olarkən bir şüşə pivə içdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra avqustun 6-da, saat təxminən 4 radələrində aşağı enərək yaşadığı binanın yaxınlığında, yəni Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 14 ünvanında yerləşən köşkdən spirtli energetik içki alaraq içib: “Energetik içkini yenicə içərək qurtarmışdım ki, adını bilmədiyim, əvvəlcədən tanımadığım kişi cinsli bir şəxs köşkə gələrək mənə salam verdi. Həmin şəxs də spirtli energetik içki alaraq qəbul etdi. Həmin şəxs Balaxanı qəsəbəsində yaşadığını deyərək müxtəlif şəxslərin adlarını çəkməklə onları tanıyıb-tanımadığımı məndən soruşdu. Mən adları çəkilən şəxsləri tanımadığımı deyərək, söhbəti bitirməyə çalışdım. Həmin şəxs əsəbiləşərək nəyə görə onun dediklərini ciddiyə almadığımı və onu yola verməyə çalışdığımı dedi. Mən də  mübahisə etməyə ehtiyac olmadığını, ikisinin də spirtli içkinin təsiri altında olduğunu dedim. Həmin şəxs isə dedi ki, guya o ayıqdır. Birdən birə həmin şəxs məni itələyərək yumruqla dodaq, burun və çənə nahiyəmdən vurmağa başladı. Mən də yumruqla onun sinə nahiyəsindən vurdum. İkimiz də yerə yıxıldıqdan sonra həmin şəxs məni çox ağır söyüşlərlə təhqir etməyə başladı. Köşkdə işləyən, adını bilmədiyim şəxs bizi aralaşdırmağa çalışsa da, buna nail ola bilmədi. Dalaşdığım şəxs məni çox ağır söyüşlərlə təhqir etdiyi üçün ona dedim ki, orada olsun, heç yerə getməsin. Yaşadığım ev hadisə yerinin yaxınlığında yerləşdiyi üçün mənzilə qalxdım və mənzildən mətbəx bıçağını götürərək yenidən aşağı endim. Aşağı enən kimi həmin şəxs məni gördü və üstümə hücum etdi. Yenidən münaqişə zamanı hər ikimiz yerə yıxıldıq, yerdə olarkən sağ əlimdə tutduğum mətbəx bıçağı ilə münaqişə etdiyim şəxsin sol ayaq nahiyəsinə bir bıçaq zərbəsi vurdum. Bıçaqla zərbə yetirdikdən sonra gördüm ki, zərbə yetirdiyim şəxsin sol ayağından qan axır. Həmin şəxs mənə dedi ki, oradan çıxıb getsin, orada dayanmasın. Ona həkimə getməyi təklif etsəm də, o, yüngül zədə aldığı, narahatçılığa ehtiyac olmadığı bildirdi və ayağa duraraq köşkün yaxınlığında taxta stolun üstündə oturdu. İsrarla mənə dedi ki, oradan uzaqlaşım. Mən hadisə yerindən uzaqlaşaraq, cinayəti törətməkdə istifadə etdiyim bıçağı yaşadığı binanın yaxınlığında, dəqiq xatırlamadığım yerə atdım. Yenidən yaşadığım mənzilə qalxdım və qız dostuma Ayşənə telefonla zəng etdim. Ona dedim ki, yaralanmışam, ona görə də Ayşəndən yaşadığım evə gəlməsini, gələrkən aptekdən bint, pambıq, spirt və yod almasını xahiş etdim”. 

Ülvi bildirib ki avqustun 6-da, saat 6 radələrində Ayşən onun yaşadığı mənzilə gəlib və dediklərini alaraq gətirib: “Mən də əl-üzümü yudum, spirtli pambıqla dodağımı təmizlədim, lakin dodağıma yod vurmadım. Bir neçə dəqiqə sonra mənzilin qapısı döyüldü. Xətai Rayon Polis İdarəsinin polis əməkdaşları məni tutaraq 34-cü Polis Şöbəsinə gətirdilər. 34-cü Polis Şöbəsində olarkən öyrəndim ki, bıçaqla xəsarət yetirdiyim Dimitri hadisədən sonra 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, oraya çatdırılarkən aldığı xəsarət nəticəsində ölüb”. 

Ülvi daha sonra ifadəsində göstərib ki, Dimitriyi  heç vaxt tanımayıb, onu öldürmək məqsədi və niyyəti olmayıb: “Sadəcə olaraq məni ağır söyüşlərlə təhqir etdiyinə görə Dimitriyi qorxudaraq üzr istətmək istəmişəm. Ona görə də qarşılıqlı münaqişə zamanı sağ əlimdə tutduğum mətbəx bıçağı ilə Dimitriyin sol ayağına bir bıçaq zərbəsi vurmuşam. Onun ölə biləcəyini zənn etməmişəm. Münaqişə etdikləri zaman Dimitriy mənə dodaq, burun və çənə nahiyəmdən yumruqla zərbə vurmaqla xəsarət yetirib. Mən isə Dimitriyə bıçaqla ancaq onun sol budunun arxa tərəfindən zərbə vurmuşam. Hər şey çox ani baş verib. Ona görə də  heç kimi köməyə çağırmamışam. Əksinə ciddi bir zədə almadığını deyərək məni oradan uzaqlaşmasını dedi. Hadisənin yeganə şahidi köşkdə işləyən və bizi aralamağa çalışan şəxs olub. Hadisə barədə daha sonra yaşadığım mənzilə gəlmiş Ayşənə məlumat vermişam. Lakin, Dimitriyi bıçaqla vurmağımı Ayşənə deməmişəm. Sadəcə olaraq Dimitriy ilə dalaşaraq xəsarət almam barədə ona məlumat verməşəm.  Mən heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkməmişəm. Heç bir dərman qəbul etməmişəm. Eyni zamanda heç vaxt narkotik vasitə qəbul etməmişəm. Hərdən bir spirtli içki içmişəm. Hadisə vaxtı da spirtli içkinin təsiri altında olmuşam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ülvi 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top