“Başqa qadınlar ilə görüşmə, evinin problemləri ilə maraqlan” — Şabranda CİNAYƏT

KRİMİNAL 02 sentyabr 2024, 13:08
Şabran rayonunda 1978-ci il təvəllüdlü Sadiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Şahnaza (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şabran şəhəri, 5 sotlar yaşayış massivində baş verib. Sadiq həmin ünvanda yerləşən evdə arvadı ilə birgə yaşadıqları evdə ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı onun bədənin müxtəlif nahiyələrinə əli ilə və yerdən götürdüyü dəmir parçası ilə vurub. 

Ertəsi günü, saat 8 radələrində Sadiq arvadı Şahnazı əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurmaqla, ona yenə də xəsarətlər yetirib. 

Hadisəni törədən Sadiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Şahnaz onun bibisi Fidanın qızıdır, 2006-cı ildə ailə həyatı qurublar: “Birgə nigahdan Vəfa və Leyla adlı qız övladlarımız olub. Şahnaz ilə əvvəllər münasibətlərimiz yaxşı olsa da, son vaxtlar aramızda tez-tez mübahisələr baş verdi. Mübahisə etməyimizə səbəb isə Şahnaza kimsə yalan məlumat verərək mənim başqa qadınlar ilə görüşdüyümü bildirmələri olub. Təxminən hadisədən 6 ay əvvəl Şahnaz mənə tanışlarının onun başqa qadınlar ilə münasibət qurduğum barədə ona məlumat verdiklərini dedi. Bu mövzuda aramızda söz mübahisəsimiz baş versə də, Şahnazı başqa qadınlar ilə görüşmədiyimə əmin etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl yaşadıqları evdə Şahnaz ona guya onun başqa qadınlar ilə yenə münasibət saxlayaraq görüşdüyünü deyib: “Bu mövzuda aramızda söz mübahisəmiz baş verdi. Saat 15 radələrində yaşadığımız evdə Şahnaz ilə yenə aramızda söz mübahisəsi baş verdi. Mübahisə zamanı Şahnazı sözlə başa sala bilmədiyim üçün onun bədən nahiyələrinə əl zərbələri endirdim. Şahnazı dişləri taxma olduğu üçün baş nahiyəsinə vurmamağı xahiş etdiyinə görə yerdə olan dəmir parçasını götürərək onun bədəninin müxtəlif nahiyələrinə vurdum”.

Sadiq deyib ki, növbəti gün, təxminən saat 8 radələrində Şahnaz Bakı şəhərində yaşayan valideyinlərinin evinə getmək istədiyini ona bildirib: “Mən də Şahnazın getməsinə razılıq vermədim. Lakin Şahnaz Bakı şəhərinə getməkdə israrlı olduğum üçün aramızda söz mübahisəsi baş verdi. Mübahisə zamanı Şahnazı əl və ayaq zərbələri ilə vurdum. İki gün Şahnazı döyməyimin nəticəsində onun bədəninin müxtəlif nahiyələrindən xəsarət aldı. Şahnaz ilə aramızda mübahisə olan zaman yanımızda heç kim olmayıb. Övladlarımız 1 aydan çoxdur ki, Bakı şəhərində yaşayan nənəsinin yanında olublar. Etdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahnazın sözlərinə görə, Sadiq ilə ailə qurandan sonra aralarında tez-tez mübahisələr baş verib: “Sadiqlə mübahisə etməyimizə səbəb isə onun başqa qadınlar ilə münasibət quraraq görüşməyi olub. Sadiq ilə söhbət etdiyim zaman başqa qadınlar ilə münasibət saxlayaraq görüşdüyümü dedim. Bu səbəbdən daim aramızda mübahisələr baş verib, iki qız övladımın xətrinə ondan ayrılmamışam”. 

Şahnazın sözlərinə görə, yaşadıqları  evdə Sadiqə “başqa qadınlar ilə görüşmə, evinin problemləri ilə maraqlan” deyib: “Belə mövzuda hər gün, yəni hadisə gününə qədər aramızda söz mübahisəsi baş verib. Hadisə günü, saat 15 radələrində yaşadıqları evdə Sadiq ilə yenə aramızda söz mübahisəsi baş verdi. Mübahisə zamanı Sadiq üzərimə gələrək bədən nahiyələrimə əl zərbələri ilə vurmağa başladı. Sadiqin məni döyməyi nəticəsində hər iki əl nahiyələrimə, ayaq, boyun və baş nahiyələrimə xəsarətlər yetirdi. Sadiq mənim halsız olduğumu görərək yaşadığım evin həyətyani sahəsindən küçəyə çıxartdı. Mən küçədə 1 saatdan çox qaldıqdan sonra Sadiq məni evə çağırdı. Ertəsi gün, 8 radələrində yaşadığım evdən çıxaraq Bakı şəhərində yaşayan valideyinlərimin evinə getmək istədikdə təkrar aramızda söz mübahisəsi baş verdi. Mübahisə zamanı Sadiq mənim bədən və baş nahiyələrimə əl, ayaq zərbələri ilə vurmağa başladı. Sadiqin əlindən çıxaraq qaçmaq istədim. Sadiq yerdən dəmir parçası götürərək məni vurmağa başladı. Sadiq ilə aramızda mübahisə olan zaman yanımızda heç kim olmayıb”. 

Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sadiqin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top