"Hər qutu süni qidaya görə pul alırlar..." — Ana südü ilə qidalandırma təşviq edilməlidir

GÜNDƏM 09 avqust 2024, 20:26
Hər il avqust ayının ilk həftəsi Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi kimi qeyd olunur. Ana südü körpənin ilk qidasıdır və onun üçün çox vacibdir. Təəssüf ki, yeni ana olan bəzi qadınlar ortada ciddi problem olmadığı halda müxtəlif səbəbləri əsas gətirərək körpələrini ana südü ilə qidalandırmaqdan imtina edirlər.

Sosioloq Lalə Mehralının sözlərinə görə, ana südü ilə qidalandırma hər zaman geniş təbliğ olunmalıdır, çünki bu, genefondu ən çox hədələyən məsələdir:



“Bütün qadınların orqanizmi dünyaya uşaq gətirdikdən sora onu ana südü ilə qidalandırmağa qadirdir. Təəssüf ki, bizdə bu məsələ barədə maarifləndirmə aparılmır.  Analara bu barədə doğum evlərində, xəstəxanalarda məlumat verilmir. Yeni doğum etmiş, analığı ilk dəfə yaşayan qadınlar isə təcrübəsiz olurlar, südvermə dövründə səhvlərə yol verirlər. Həkimlər təəssüf ki, süni qida yazmağa tələsirlər, çünki firmadan hər qutu süni qidaya görə pul alırlar. Anaları məlumatlandırmaq üçün əmizdirmə mütəxəssisləri doğum evlərinə buraxılmırlar. Körpə doğulduğu ilk saatlardan ananın sinəsinə qoyulmalıdır, süd vəziləri bu vaxt dərhal süd istehsal etməyə başlayır, hormonlar aktivləşir. Ana xəstəxanadan çıxanadək çox vaxt uşağını əmizdirə bilmir, evə buraxıldıqdan sonra isə ilk qidası “smes” olan körpə ana südündən imtina etməyə başlayır. Ana olmağa hazırlaşan gənc xanımlar hamiləlik, doğum, doğumdan sonrakı mərhələ haqqında araşdırmalıdırlar, məlumatlanmalıdırlar. Ana südünün körpə üçün nə qədər vacib olduğunu dərk etməli, doğru əmizdirməni öyrənməli, süd artırmağın yollarını araşdırmalıdırlar. Analar körpə sağlamlığı haqqında nə qədər bilikli olarlarsa, gələcəyimiz olan körpələr də bir o qədər sağlam böyüyərlər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 16:30
Top