Sizə rahat ölüm arzu edirəm, bu əsla qarğış deyil — Vasif Ayan yazır

MƏDƏNİYYƏT 30 iyul 2024, 11:59
Xəbər verdiyimiz kimi, beyinə qan sızması nəticəsində 10 il komada olan türkiyəli usta sənətçi Kənan İşıq dünən 76 yaşında dünyasını dəyişib. İşığın dəfn mərasimi iyulun 31-də keçiriləcək. Kənan İşığın vəfatı ilə bağlı tanınmış mədəniyyət yazarı, prodüser Vasif Ayan maraqlı araşdırma edib.

Demokrat.az həmin yazını təqdim edir:




“Həyat başdan-ayağa suallarla doludur. İnsan oğlu həmişə beynindəki suallara cavab axtarır. Açıq etiraf edək ki, elə şeylər var ki, elm də bunun qarşısında acizdir. Deyəcəksiniz ki, məsələn nə? Bir nümunə de! Deyim də. İkisini deyim. Birincisi "yuxu". Bu uzun bir mövzu bəhsidir, çözülməsi mümkünsüzdür. Hələ yuxu mövzusuna bir fərli arqument gətirən adama rast gəlməmişəm. Şəxsən məni qane etməyib. Yuxu mövzusunun açmasını dəqiq bilirəm ki, bu həyatda çözə bilməyəcəyik. Yuxu mövzusuda təkcə yazıçı Anarla bir məsələdə razılaşıram. Anar Mir Şahinə də, illər sonra mənə müsahibəsində də yuxuda hər yerin rəngsiz olduğunu, daha çox isə gümüşü-boz rəngdə olduğunu bildirmişdi. Məncə də yuxu gümüşü-boz rəngdədir. Yuxuda qırmızı, yaşıl, göy, sarı rəng görən adama rast gəlməmişəm.  İkincisi isə "koma". Komaya düşən insan sanki yarıyuxulu vəziyyətdədir. Komadan qayıdanları yox, uzun illər orda qalanların durumu mənim üçün müəmmalıdır. Almaniyanın əfsanəvi Formula-1 pilotu Mixael Şumaxer 2013-cü ilin dekabrın 29-da  Fransa Alplarında, Meribel xizəksürmə kurortunda xizək sürdüyü zaman yıxılaraq başından güclü zərbə alıb.  Həmin vaxtdan bu yana əfsanə pilot özünə gəlməyərək, bitkisəl həyata məhkum qalıb.

Bitkisəl həyat - yəni orqanların çalışıb, beynin funksiyalarının çalışmadığı bir haldır. Bu hallarda beyin funksiyaları tamamən itmir. Dünyasını dəyişən Türkiyənin məşhur Teatr aktyoru, teleaparıcı, yazar Kənan İşıq da Şumaxerin vəziyyətində idi. Kənan İşıq 66 yaşına baxmayaraq idman salonunda məşqlərindən də geri qalmırdı. 31 mart 2014 cü ildə, məşqini bitirdikdən sonra saunaya keçir. Ordan çıxanda qəfil ayağı sürüşür və zərblə yerə çırpılır. Ustad sənətkarın başı yerə dəyir və dərhal huşunu itirir. Təbii ki, hamam mühitində yer sürüşkən olur. Kənan İşıq təcili olaraq xəstəxanaya çatdırılır. Təxminən 4 saat əməliyyat edilir. Ölüm təhlükəsi aradan qalxsa da aktyor komaya düşür və bitkisəl həyata məhkum olur. Bir müddət sonra ailəsi aktyoru Almaniyaya aparır. Kənan İşıq bir müddət orda müalicə olunur. Ancaq əfsuslar ki, vəziyyət dəyişməz olaraq qalır... Ailə isə ümidini itirmək istəmir və beləcə düz 10 il zaman keçir. Nəhayət bu gün səhər saatlarında Kənan İşıq haqqa qovuşur. 
Qeyd edim ki, bu müddət ərzində Mixael Şumaxer də, Kənan İşıq da göz təması qura bilmişdilər. Öncələri hər ikisində barmaq hissələri, kiprikləri tərpənirdi, hətta Kənan İşıqın ailəsi onun üzünü də təraş etmişdilər. Təbii ki, uzandığı vəziyyətdə. Bu müddət ərzində Kənan İşıq eyni çəkidə də qalmışdı. Şumaxerə isə 15 nəfərlik həkim birqadası qulluq göstərirdi. Həkimlər pilotun əvvəlki həyata geri dönməsi haqqında olduqca ümidsizdirlər. Artıq Şumaxerin ailəsi də onun yoxluğuna alışmağa başlayıb. Alman mətbuatında isə Şumaxerin şüurunun hələ özündə olduğu, hətta xüsusilə uşaqlarının səsini eşitdiyi zaman ağladığı barədə məlumat verilir. Çox qəribədir ki, eyni situasiya Kənan İşıq da baş vermişdi. Onun da ailə üzvlərinin səsinə reaksiya verdiyi və gözündən yaş süzüldüyü müşahidə edilmişdir. Mən bu durumda ailənin də vəziyyətini təsəvvür edirəm. Birincisi, 10 il bir xəstənin mütəmadi olaraq komada müalicə alması böyük maddi imkanlar bahasına başa gəlir. İkinci bir məsələ, maddiyatı tamamən kənara qoyuram, ailə üzvləri də fiziki olaraq əziyyət çəkir. 10 il bir xəsətinin qulluğunda dayanmaq: onun üzü qıırxılmalı, altı təmizlənməli, qida məsələsi həll edilməli, dırnaqları tutulmalı və s və ilaxır. Bir də sən daima narahatlıqdasan, hər an bəd xəbərə hazır olmalısan. Ən pisi də Yeni İl gecəsi, doğum günü məclislərində əyləndiyin zaman yadına atan düşür. Axı o hal-hazırda aparata quraşdırılmış vəziyyətdədir, ölüm və həyat arasında vurnuxur. Sən burda kef çəkdiyin yerdə onun şüşə qəfəsdə huşsuz uzanması səni daima göynədir, ruhunu incidir. Bu hisslər həqiqətən də izahedilməzdir. 

Şumaxer və Kənan İşığın vəziyyətinə düşən bir nəfər də var. Rusiyalı görkəmli kinorejissor Andrey Konçalovskinin qızı Mariya da 2013 cü ildən komadadır. Konçalovskinin 15 yaşlı qızı 11 ilə əvvəl atası ilə birlikdə Fransada avtomobil qəzasına düşmüşdü. Aldığı travmalar səbəbindən Mariya komaya girmişdi. O da komadan qismən ayılmışdı. Ancaq real həyata qayıtması hələ də mümkün olmayıb. Təbii ki, eyni situasiya Sovet kinosunun canlı əfsanəsi Andrey Konçalovskinin də ailəsində yaşanır. Allah bütün ağır xəstələrə şəfa versin. Eləcə də Şumaxerə də, gənc Mariyaya da. Kənan İşıqa Allahdan rəhmət diləyirəm. Canı qurtardı deyərdim.

Bir detalı da deyim. Özünüzü bir anlıq, komada qalan hər üç şəxsin yerinə qoyun. Təsəvvür edin, ölü deyilsən, həyatda olduğunu bilirsən, ancaq heç bir hərəkət, heç bir reaksiya verə bilmirsən. Aparata qoşulu haldasan, gözlərin sadəcə tavana zillənir, səsin çıxmır ki, kimisə çağırasan. Və 10 il hər gün, hər saat, hər dəqiqə belə yaşayırsan... Necə izahedilməz və dəhşətlidir. Adamın ürəyi partlayar. 

Rəhmətlik atam deyərdi, "Allahdan sadəcə qəfil ölüm arzulayıram. Xəstələnib mitilə düşməkdən zəhləm gedir, camaata əziyyət verməyə nifrət edirəm." Elə arzuladığı kimi də vəfat etdi.

Eyni fikirləri mən mərhum Xalq artistimiz Fuad Poladovdan da eşitmişəm. Görkəmli sənətkarımız Rasim Balayev də mənə müsahibəsində eyni ilə bu fikiri bildirib. Allah Rasim müəllimə can sağlığı versin.  

Rahat ölüm demək olar ki, hər kəsin arzusudur, ancaq təssüf ki, hər kəsin qisməti deyil. Onsuzda hamımız hansısa tarixdə vəfat edəcəyik. İnciməyin bu sözümdən, gec-tez yaşanılacaq haldır. Ancaq mən sizə rahat ölüm arzu edirəm. Bu əsla qarğış deyil ha. Yozmayın.

Rahat ölüm, ağrısız ölüm əsl hədiyyədir...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top