28 yaşlı oğlan anasına qulluq göstərməyən arvadını döydü

KRİMİNAL 19 iyul 2024, 11:21
Gəncə şəhərində 1996-cı il təvəllüdlü Sahib ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuraya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sahib evində arvadı Nuray ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə onun sol göz nahiyəsinə, sinə nahiyəsinə, sol qol nahiyəsinə və
bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. 

Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, dayısı Moskvadan onlara gəlib və ona Moskvada iş təklif edib: “Mən dayımın fikri ilə razı oldum və Moskvaya getmək istədim. Yoldaşım və oğlumu isə anamın yanında qoymaq qərarına gəldim. Anam gözündən əməliyyat olub və ona daimi qulluq lazımdır. Lakin yoldaşım anam ilə qalmaq istəmədiyini bildirdi. Yoldaşım başqa evdə kirayə qalmaq, ya da öz atası evində qalmaq istədiyini dedi. Bu söhbətlə bağlı aramızda mübahisə yarandı. Mən yoldaşıma bir şillə vurdum və telefonunu əlindən alaraq qırdım. Yoldaşıma başqa xəsarət yetirməmişəm. Ona bıçaq çəkməmişəm”. 

üzrə zərərçəkmiş Nurayın sözlərinə görə, həyat yoldaşı Sahib ilə onların əvvəllər də aralarında mübahisə olub: “Mən yoldaşımın anası ilə yola getmirəm. Ona görə yoldaşıma dedim ki, o, işləməyə gedəndə oğlum ilə mənim qalmağım üçün kirayə ev tutusun, ya da öz atamgilin evində qoysun. Yoldaşım anası gözündən əməliyyat olduğu üçün bizim orada qalmağımızı istədi. Bu məsələyə görə aramızda ciddi mübahisə yarandı. Mən atama zəng etmək istəyəndə telefonumu əlindən alaraq qırdı. Yoldaşım məni döydü, təpik-şillə vuraraq məni evdən çölə atdı. Mən yaxınlıqdakı gözəllik salonuna gedərək, oradan atama zəng etdim, döyüldüyümü bildirdim”. 

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahib qazancından dövlət nəfinə 10 faiz tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top