Qızmar istilər dəri xərçənginə səbəb ola bilər — HƏKİM

GÜNDƏM 05 iyl 2024, 19:18
Milli Hidrometeorologiya Xidməti isti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib. Xidmətin rəisi Nazim Mahmudov bildirib ki, ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur. İyulun 5-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33-38, dağlıq rayonlarda 22-27 dərəcə təşkil edib. N.Mahmudov qeyd edib ki, isti hava şəraiti iyulun 6-da da davam edəcək,  temperaturun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40 dərəcə olacağı gözlənilir: "İyulun 6-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil", - o deyib.

Həkim-terapevt Sübhan Hacıyevin sözlərinə görə uzun müddət Günəş şüaları altında qalmaq insan sağlamlığına təhlükə törədir. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, qızmar havalarda bədənin temperaturu kəskin artmağa başlayır və bu da günvurma ilə nəticələnə bilər. 




"Tərləmə, ürək döyüntülərinin artması, ürəkbulanma və başağrısı fonunda günvurmadan şübhələnmək olar. Bəzən günvurma zamanı burun qanaxması və görmə qabiliyyətinin pozulması da müşahidə olunur. Belə olanda ilkin tibbi yardım göstərilməsi vacibdir.

Açıq havada olarkən başımızı örtməliyik, pambıq, kətan parçalardan və açıq rəngli geyimlər geymək daha yaxşıdır. Yayda günvurmanı gözardı etmək olmaz. Bu, həyatımız bahasına başa gələ bilər. Belə ki günvurma və istilikvurma zamanı bədəndə susuzlaşma baş verdiyinə görə qanda qatılaşma gedir. Nəticədə mikroelementlərin orqanizmdən yuyulub getməsi hətta huşun itməsinə də gətirib çıxara bilər. Gün vuran adamı kölgəyə aparmaq və çoxlu maye içirmək və ya venadaxili maye qoşmaq lazımdır ki, bədənin temperaturu aşağı düşsün. Gündüz saat 12-dən 5-ə qədər bayıra çıxmaq olmaz. Çünki günün bu vaxtı günəş şüaları birbaşa dəriyə nüfuz edir. Dərinin gündən zədələnməsi dəri xərçənginə səbəb ola bilər". 

Törə Zeynallı 
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top