Bakıda 10 günlük “karantin” olacaq? — VACİB AÇIQLAMA

SOSİAL 08 iyl 2024, 17:18
Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) üçün ölkəmizdə hazırlıq işləri görülür.

Paytaxtın bir çox ərazilərində yollarda təmir işləri aparılır. Əsasən, mərkəzi ərazilərdə görülən işlərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində də məhdudiyyətlər tətbiq olunur.

Qeyri-rəsmi məlumatlara görə, noyabrda 10 günlük məhdudlaşdırıcı tədbirlər də həyata keçirilə bilər. Belə ki, paytaxtda mötəbər tədbirlə bağlı 10 günlük yalnız zəruri xidmət sahələrində fəaliyyətə icazə veriləcəyi bildirilir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, müəyyən məhdudlaşdırıcı tədbirlərin olması gözləniləndir:

“COP29-un Təşkilat Komitəsi hər dəfə iclas keçirəndə bu barədə ictimaiyyətə məlumat verir. Əgər belə bir müzakirə olsaydı, yəqin ki, məlumat verilərdi. Belə bir qərarın olub-olmaması barədə məlumatsızam. Amma böyük tədbir dövründə müəyyən məhdudiyyətlərin olması da qaçılmazdır. Bu nə dərəcədə əhatəli olacaq, iş yerləri bağlanacaq, yaxud yalnız xidmət və həyatı təmin edəcək iş yerlərinin fəaliyyətinə icazə veriləcəyi fikri ilə o qədər də razı deyiləm. Müəyyən məhdudiyyətlər ola bilər. Nəqliyyatın hərəkətində müəyyən dəyişikliklər ola, bəzi küçələr bağlana bilər. Dərs vaxtına düşürsə, müəyyən tətillər verilə bilər. Bunlar sadəcə ehtimallardır. Məndə heç bir məlumat yoxdur. Bütövlükdə böyük tədbirlər keçirilərkən belə məhdudiyyətlər olur. Məsələn, bu yaxınlarda G7 ölkələri toplaşmışdı. Həmin tədbirin keçirildiyi şəhər demək olar ki, iflic vəziyyətinə salınmışdı. Yaxud da İkinci Dünya müharibəsində ikinci cəbhənin açılması münasibətilə keçirilən tədbirdə Fransada bir şəhər tamamilə bağlanmışdı. Belə hallar olur. Böyük tədbirlərin keçirildiyi şəhərlərdə məhdudiyyətlər həyata keçirilir və bizdə də mütləq olacaq. Amma onun xarakteri, dərəcəsi, nələri əhatə edəcəyini tam demək olmur. İşlərin dayandırılacağı barədə dəqiq məlumatım yoxdur. Müəyyən ərazilərdə nəsə ola bilər, amma bu məhdudlaşdırıcı tədbirlər paytaxtın bütün ərazilərini əhatə etməyəcək. Düşünürəm ki, məsələn, Bakının Yasamal rayonunda və ya digər rayonlarda tədbir dövründə həyat adi qaydada davam edəcək”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top