Qusarda oğul anasını döydü — TƏFƏRRÜAT

HADİSƏ 04 iyl 2024, 11:49
Qusar rayonunda 1996-cı il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 18-də Qusar rayonunun kəndində baş verib. 

Vüsal sərxoş vəziyyətdə stulla anası Kəmaləni vuraraq ona xəsarət yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, xalasının əri onların evinə gəlib:

“Xalamın əri araq içmək istədi. Mənə pul verdi ki, araq alım. Mən də araq alıb xalamın əri ilə birlikdə içdim. Anam  buna görə narazılıq etdi. Lakin aramızda mübahisə olmadı. Mən anamı stulla vurmamışam. Anamda olan xəsarətlər isə onun bağda işləyərkən traktordan yıxılması nəticəsində yaranıb. Mən ailə quraraq qeyri-rəsmi nikahdan olan arvadımı evə gətirmişəm. Anam isə həmin qadınla yola getməyib. Bizə evdən çıxmağımızı tələb edib. Anam tez-tez bu məsələyə görə evdə mübahisələr edib. Əgər anam tələb edirsə, evdən çıxmağa razıyam”.

İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, oğlu Vüsal bir qadınla evlənib: 

“Mən isə həmin qadının evimdə yaşamasını istəmirəm. Oğlum tez-tez spirtli içki içib mənimlə mübahisə edib. Əvvəllər də məni döyüb. Fevralın 18-də Vüsal yenə yaşadığımız evdə sərxoş vəziyyətdə mənimlə mübahisə etməyə başladı. Dözməyib ona arvadı ilə birlikdə evdən getmələrini tələb etdim. Bu zaman mübahisə etməyə başlayan Vüsal evdə olan stulu mənə vurmaq istədi. Mən isə qolum ilə özümü müdafiə etmək istədikdə zərbə qoluma dəydi. Oğlum Vüsalla barışmaq istəmirəm. Ona cəza təyin edilməsini tələb edirəm”.

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Vüsal 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Qusar rayonunun kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top