Dəbdə olan peşələr hansılardır? — Ekspertdən AÇIQLAMA

SOSİAL 03 iyul 2024, 16:21
Bildiyimiz kimi, elm və texnologiya günü gündən inkişaf edir. Hətta bildirilir ki, gələcəkdə süni intellekt və yeni texnologiyalar bir çox iş yerlərinin bağlanmasına və bir sıra peşələrin dəbdən düşməsinə səbəb olacaq. 

Bəs, gənclər ixtisas seçimi edərkən nələrə diqqət yetirsinlər? 

Ümumiyyətlə, elm və texnologiyanın inkişafı nəticəsində dəbdən düşən peşələri hansılardır? 

Mövzu ilə bağlı Demokrat.az-a təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün əslində əmək bazarında peşə təhsili alanlara ciddi ehtiyac var. 



Kamran Əsədov qeyd edib ki, peşə təhsilini bitirənlərin işlə təmin olunma faizi isə çox yüksəkdir:

“Ali məktəblərə qəbul olmağı gənclər uğurlu gələcəyin açarı hesab edir. Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olarlar. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar. Təəssüf ki, məktəbi bitirən gənclərə bu düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsil alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Bu gün əmək bazarında peşə sahiblərinə ciddi ehtiyac var. Bunun üçün təkcə gənclərin deyil, işəgötürənlərin marağını artırmaq lazımdır. 

Dünyada inkişaf etmiş ölkələrin çoxunda dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15%-ə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra, bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur. Keçmiş sovetlər dövrünə nəzər saldıqda görürük ki, texniki peşə təhsili ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır. 

Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir. Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. Halbuki, 54 ali təhsil müəssisəmizdə təhsil alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurduqdan sonra əmək bazarında ixtisası üzrə işlə təmin olunur”. 

Təhsil ekspertinin sözlərinə görə, hazırda informasiya infrastrukturundakı zəiflikləri təyin etmə və təmir etməyi öyrənmək lazımlı sənətlərdən biridir: 

“Pandemiya dövründə bütün idarəetmənin onlayn rejimə kəçməsi əmək bazarında yeni ixtisasların yaranmasına şərait yaratdı. Artıq öyrənmə tərzimiz, alver şeklimiz və məhsulların bizə təqdim edilmə forması yenilənib. Həmin vaxt komputer və onunla oyunlara maraq artdı. Beləki, gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri kompüter oyunu dizaynı ixtisasıdır. Yeni seçimlər arasında daha çox oyun istehsalı, inkişaf etdirməsi, dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi mühüm yer tutur. 

Eyni zamanda enerji, su, yemək və iqlim problemlərinin meydana gəldiyi dövrümüzdə ekoloji işlər sahəsindəki proqramlar gedərək yayılır. Ekoloji işlər, sağlamlıq, qida və kənd təsərrüfatı, enerji, bio-müxtəliflik, iqlim, torpaq istifadəsi və siyasət tələbələrin seçimləri arasında yer alır. 

Pandemiya dövründə bütün xidmətlərin onlayn formada həyata keçirilməsi İnformasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisasına tələbatı zəruri edir. İnformasiya təhlükəsizliyi kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün vacibdir. 

Gələcəyin ehtiyac duyulası ixtisaslarından biri də Nanotexnologiyadır. Bu yeni elm bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər gələcəkdə bina və körpülərinin daha yüngül və möhkəm olmasına kömək edəcək. Bu texnologiya daha enerji qənaətli yanacaq hüceyrələrinin, günəş panellərinin, batareyaların hazırlanmasında və ətraf mühitin təmizliyində əsas rol oynaya biləcək”. 


Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top