“Ərdoğan Əsəd hakimiyyətini qəbul etməyə başlayır” — Diplomatik əlaqələr bərpa olunur?

XARİCİ SİYASƏT 01 iyl 2024, 12:54
“Türkiyə tədricən Əsəd hakimiyyətini qəbul etməyə başlayır. Anlayır ki, hakimiyyət dəyişməyəcək. Ona görə də qonşusu ilə diplomatik əlaqələri bərpa etmək istəyir. Türkiyədə bir çox suriyalı qaçqın var, eyni zamanda yatırımlar edən suriyalı investorlar da var. İqtisadi maraqlar əlbəttə, daim üstün tutulur. Siyasi maraqların təmin edilməsi baxımından da bölgədə sabitliyin olması Türkiyəyə sərf edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin sədri Ramiyə Məmmədova deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya ilə əlaqələrin bərpası barədə verdiyi açıqlamaya münasibət bildirib. Politoloqun sözlərinə görə Yaxın Şərqdə gedən proseslər Suriyadakı vəziyyəti də gərginləşdirir:

“Suriyanın bir çox məntəqələrində bugünkü gündə Fələstin-İsrail müharibəsində iştirak edən qüvvələr var. Türkiyənin Suriyada PKK-ya qarşı keçirdiyi əməliyyatlar nəticə verir, lakin terrorun tam olaraq qarşısını almaq mümkün olmur. Çünki Suriya-Türkiyə münasibətlərində hər zaman gərginlik mövcud olub. Türkiyə Suriyadakı müxalif qüvvələri hər zaman dəstəkləyib. Bu məsələdə də heç vaxt Rusiya ilə uzlaşmırdı, çünki Rusiya hər zaman Bəşər Əsədin yanında olub. Türkiyə Yaxın Şərqdə sabitliyin əldə olunması üçün çalışır. Suriya da həmin dövlətlərdəndir ki, orada sakitliyin olması şərtdir. Görürük ki, Fələstin-İsrail müharibəsi artıq Suriyanı da, Livanı da əhatə etməyə başlayıb. Suriyadakı  vətəndaş müharibəsi tam bitmədiyi bir vaxtda yeni münaqişə ocaqları yaranır. Bu münaqişə ocaqlarının daha da alovlanmaması üçün Suriya da qonşu Türkiyə ilə münasibətlərini yoluna qoymaq barədə düşünməlidir. Diplomatik əlaqələrin bərpa olunmasında hər iki tərəf maraqlı olmalıdır”. 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan  jurnalistlərə açıqlamasında Suriya ilə diplomatic əlaqələrin bərpa edilə biləcəyini deyib. Onun sözlərinə görə Türkiyə ilə Suriya arasında diplomatik əlaqələrin bərpasına mane olan səbəb yoxdur və Türkiyə bu məsələdə maraqlıdır: “Suriyanın daxili işlərinə qarışmaq istəmirik. Belə bir fikrimiz yoxdur. Çünki Suriya xalqı bizə qardaşdır”, - deyə Ərdoğan vurğulayıb. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top