Bakıda oğul atasına bıçaqla xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 15 apr 2024, 15:06
Bakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü İbrahim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı atası Əlvana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 16-da Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə ünvanında baş verib. İbrahim həmin ərazidə yerləşən nömrəsiz evdə atası Əlvan ilə mübahisə edib. Aralarında yaranmış münaqişə zamanı Əlvana bıçaqla sağ ayaq nahiyəsindən vuraraq, ona xəsarət yetirib. 

Hadisəni törədən İbrahimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbrahim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası və anası Binə qəsəbəsində yerləşən evdə kirayə yaşayırlar: “Mən isə yeznəm Həmid ilə birlikdə yaşayıram. Fevralın 16-da, saat 22 radələrində Həmidin evində olan zaman valideynlərim evə gələrək yaşadıqları evdə münaqişə etdikləri üçün ev sahibinin onların evdən çıxartdıqlarını dedi. Ona görə də Həmidlə birlikdə saat 23 radələrində əşyaları götürmək üçün həmin evə getdik. Evdə olan zaman atam da həmin evə gəldi. Atamla içkili olduğuna və evdən çıxarılmasına görə aramızda münaqişə yarandı. Münaqişə zamanı evdə olan mətbəx bıçağı ilə atamın sağ ayaq nahiyəsindən qəsdən vuraraq ona xəsarət yetirdim. Daha sonra evdən çıxıb getdim. Evdən çıxan zaman bıçağı özüm ilə götürdüm və Binə qəsəbəsində yerləşən su kanalına atdım. Hadisə zamanı yeznəm də orada olub”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs atası ilə barışıb. Atası da onu bağışlayıb. 

Bu səbəbdən məhkəmə İbrahimin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top